“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” – ÇAĞIRIŞ
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, bu məsələlərin məqsədli və ya qeyri-məqsədli olmasından asılı olmayaraq görünən odur ki, ADY sərnişin sıxlığının öhdəsindən gələ bilmir və bununla bağlı da çıxış yolları tapmaqda aciz qalıb.
O qeyd edib ki, ADY müəyyən etdiyi fantastik qiymətlərdə belə sərnişinlərin tələbatlarına cavab verə bilmir: “Yəni dünyanın hər yerində bilinir ki, zamanla, fəsillə və ya hər hansısa tədbirlərlə bağlı olaraq nə zaman sərnişin sıxlığı və ya azlığı yarana, rentabelli və ya rentabelsiz ola bilər. Yəni adi işləri də təşkil edə bilmirlərsə, dəmir yolu rəhbərliyi ən yaxşı halda istefa verib getsinlər. Pandemiyadan sonra dəmir yolları tam açılmayıb… Fəaliyyətinə baxsaq, sərnişin daşımaçılığı aşağı-yuxarı bir Gürcüstan istiqamətinədir, onu da təşkil edə bilmirlər… Böyük bir dövlət, şəbəkə olsaydıq, dəmir yolları xətləri olsaydı, onu necə idarə edəcəkdilər? İşləri gücləri ancaq yük daşımaqdır, yük gətirsinlər, aparsınlar və oradan şəxsi maraqlarını təmin etsinlər. Söhbət biletlərin çatışmazlığı, sistemdə görünüb-görünməməsi, burada kiminsə maraqlı olması məsələsidirsə, bunun özünü belə monitorinq edəcək qurumlar olmalıdır. Özləri bunu monitorinq, analiz, təftiş etməlidirlər. Lazım gələrsə, qanun pozuntusu varsa prokurorluğa, aidiyyatı qurumlara müraciət etməlidirlər. Bunların hamısı onların məsələsidir. Sadə vətəndaşlar, jurnalistlər, siyasətçilər müzakirə etməli deyil. Dəmir yollarının işi budur – sərnişin, vətəndaş məmnuniyyətini təşkil etməkdir”.
T.Abbaslı vurğulayıb ki, hazırda bir çox dövlət qurumlarının fəaliyyəti SSRİ prinsipləri üzərində qurulub: “Məsələn, o zaman SSRİ-nin avtomobil sənayesi 3-4 növ maşın istehsal edirdi. Bildirilirdi ki, maşınlar budur, istəyirsiniz alın, istəmirsiniz almayın. Yəni təəssüflə qeyd etməliyik ki, hazırda çoxlarının iş prinsipi budur: “Olan budur, biletin qiyməti budur istəyirsən, al və ya alma… Xidmət belədir”. Bu beyinlə idarəçilik olmamalıdır. Sovetin onsuzda sonunu bu düşüncə gətirdi. İnsanların seçim azadlığı, xidmət anlayışı yox idi. Bu baxımdan da Azərbaycan Dəmir Yollarına müraciət edirəm ki, müasir texnika və texnologiya zamanında lazımdırsa, gedin alın. Müzakirə etsinlər, yoxsa bəhanə yaratmaq asandır, jurnalistlərə ümumi sözlər deyək, siyasətçilərə ümumi cavablar deyib, yola verək… Yola vermə siyasətini kənara qoyub xidmət etməyə başlamaq lazımdır”.
Qeyd: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, qurumun Sərnişin daşımaları departamentinin müdiri Azər Fərəcovdur.
Soztv.az
