Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə keçirilən imtahanlarla bağlı tələblər irəli çıxır.
İmtahanlarda iştirak edən namizədlər sualların hazırlanması və nəticələrin qiymətləndirilməsi prosesinin daha şəffaf olmasını tələb edirlər. Namizədlərin sözlərinə görə, artıq bir neçə ildir keçirilən işə qəbul imtahanlarının sualları Təhsil İnstitutu tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinin sifarişi əsasında hazırlanır.
Onlar iddia edirlər ki, hər imtahandan sonra test tapşırıqları ilə bağlı çoxsaylı iradlar səsləndirilir, suallarda məzmun və texniki qüsurlar aşkar olunur. Yalnız narazılıqlar geniş ictimai rezonans doğurduqdan sonra keçid balına 1-2 bal əlavə edilməsi ilə kifayətlənildiyi bildirilir.
Əsas narazılıq isə imtahandan sonra sualların namizədlərə təqdim edilməməsi ilə bağlıdır. İmtahanda iştirak edənlər bildirirlər ki, test tapşırıqları açıqlanmadığı üçün onların düzgünlüyünü yoxlamaq, mübahisəli sualları əsaslandırmaq və ya apellyasiya zamanı sübut təqdim etmək mümkün olmur.
Namizədlər qeyd edirlər ki, imtahan zamanı qeydlər apardıqları vərəqlər də zaldan çıxarkən onlardan alınır. Bu isə sonradan sualları xatırlamağı və müzakirə etməyi demək olar ki, mümkünsüz edir. “Əlimizdə heç bir sübut olmur. Onlarla sualı yadda saxlamaq mümkün deyil. İmtahandan çıxanda qeyd etdiyimiz vərəqləri də əlimizdən alırlar. Bu, düzgün yanaşma deyil. İmtahan sualları gizli sənəd deyil. Suallar açıqlanmalı, müzakirə olunmalı və səhvlər varsa aradan qaldırılmalıdır”, – deyə namizədlər bildirirlər.
Onların sözlərinə görə, avqust ayında keçirilməsi gözlənilən növbəti imtahanlar ərəfəsində də eyni problemlərin yaşanacağı ilə bağlı narahatlıqlar var. Namizədlər hesab edirlər ki, test tapşırıqları yenə də mübahisə doğuracağı halda, sualların açıqlanmaması səbəbindən iddialarını sübut etmək imkanından məhrum olacaqlar.
Qeyd edək ki, əvvəlki illərdə də Təhsil İnstitutunun hazırladığı bəzi test tapşırıqları ilə bağlı müəllimlər tərəfindən müxtəlif iradlar səsləndirilib. Hətta Peşə Təhsili Üzrə dövlət Agentliyi bu narazılıqları Təhsil İnstitutuna yönəldərək “sualları onlar hazırlayıb” kimi açıqlamalar verib.
Lakin imtahan sualları ictimaiyyətə açıqlanmadığından həmin iddiaların obyektiv şəkildə araşdırılması və geniş müzakirəyə çıxarılması mümkün olmayıb.
Bizimesr.media
