“Çin layihəsi”, beynəlxalq logistika adı və yüksək gəlir vədləri ilə insanları cəlb etdiyi iddia olunan sistemlə bağlı suallar artır
Azərbaycanda sosial şəbəkələr və mesajlaşma platformaları üzərindən yayıldığı iddia edilən yeni maliyyə sistemi ilə bağlı vətəndaş müraciətləri və narazılıqlar gündəmə gəlib.
Redaksiyamıza daxil olan məlumatlara, təqdim olunan görüntülərə və şikayətçilərin iddialarına əsasən, “Han Wei Dan” adı ilə tanınan bir sistem vasitəsilə insanların müxtəlif vədlərlə platformaya cəlb edildiyi bildirilir.

Şikayətçilərin sözlərinə görə, sözügedən sistemdə iştirakçılara yüksək gəlir əldə etmək imkanı təqdim olunub, müxtəlif məbləğlər yatırmaqla qazanc əldə ediləcəyi vəd edilib.
Lakin müəyyən müddətdən sonra platformanın fəaliyyəti ilə bağlı problemlər yarandığı, bəzi iştirakçıların vəsaitlərini geri ala bilmədikləri iddia olunur.
Beynəlxalq şirkətin adı və loqosundan istifadə edildiyi iddiası
Təqdim edilən materiallarda KUEHNE+NAGEL adı və loqosu ilə təqdim olunan elektron platforma görüntüləri yer alır.

Məlum olduğu kimi, KUEHNE+NAGEL beynəlxalq logistika şirkətidir. Lakin redaksiyaya təqdim olunan materiallarda həmin şirkətin adı istifadə edilərək insanlara müxtəlif qazanc imkanlarının təqdim edildiyi görünür.
İddialara görə, platformanın təqdimatında beynəlxalq logistika fəaliyyəti, böyük layihələr və qlobal əməkdaşlıq görüntüsü yaradılıb.
Hazırda əsas sual isə budur:
KUEHNE+NAGEL şirkətinin bu platforma ilə hər hansı əlaqəsi varmı, yoxsa şirkətin adı və loqosundan icazəsiz istifadə olunub?
Bu məsələ ilə bağlı redaksiya tərəfindən şirkətin rəsmi media ünvanına sorğu göndərilib.
“Azərbaycan–Çin münasibətləri və böyük layihə” iddiası ilə etimad yaradıldığı bildirilir
Şikayətçilərin sözlərinə görə, sistemə qoşulan şəxslərə inam yaratmaq üçün dövlətlərarası münasibətlərdən, Azərbaycan və Çin arasında əməkdaşlıqdan, logistika layihələrindən bəhs edilib.
İddialara görə, bu məlumatlar bəzi şəxslərdə sistemin rəsmi və təhlükəsiz olduğu təsəvvürü yaradıb.
Lakin hər hansı beynəlxalq şirkətin adının çəkilməsi və ya dövlətlərarası layihələrdən danışılması həmin fəaliyyətin rəsmi olması anlamına gəlmir.
“Bir gecədə 200 min manat toplandı” iddiası
Sistemdən narazı qalan şəxslərin iddiasına görə, qısa müddət ərzində çox sayda insan platformaya cəlb olunub.
Bəzi iştirakçılar bildirirlər ki, müəyyən gün ərzində təxminən 200 min manat həcmində vəsait toplandığı, daha sonra isə platformanın fəaliyyətinin dayandığı iddia edilir.
Şikayətçilərin sözlərinə görə, məhz bundan sonra bir çox insan maliyyə itkiləri ilə üzləşdiyini anlayıb.
Han Wei Dan və Şəlalə ilə bağlı iddialar
Araşdırma zamanı redaksiyaya daxil olan məlumatlarda Han Wei Dan adlı şəxsin Avropanın hansısa ölkəsində yaşadığı iddia edilir.

Həmçinin həmin şəxsin Azərbaycanda Şəlalə adlı xanımla yaxın münasibətlərinin olduğu və birgə fəaliyyət göstərdikləri barədə iddialar səsləndirilir.
Şikayətçilər bildirirlər ki, sözügedən şəxslər vasitəsilə sistemə yeni iştirakçıların cəlb olunması həyata keçirilib.

Lakin qeyd edək ki, hər hansı şəxsin qanunsuz fəaliyyət göstərməsi yalnız hüquq-mühafizə orqanlarının araşdırması və məhkəmə qərarı ilə təsdiqlənə bilər.
“Beş bacı” iddiası: şəbəkənin Azərbaycandakı əlaqələri araşdırılır
Vətəndaşların təqdim etdiyi məlumatlarda şəbəkənin Azərbaycandakı fəaliyyətində bir neçə şəxsin rol aldığı iddia edilir.
Bəzi şikayətçilər sistemin yayılmasında “beş bacı” kimi təqdim olunan şəxslərin adını çəkirlər.
İddialara görə, həmin şəxslər müxtəlif sosial əlaqələrdən istifadə etməklə yeni iştirakçıların cəlb edilməsində aktiv olublar.
Bu məlumatların hüquqi qiyməti isə yalnız rəsmi araşdırmadan sonra müəyyən edilə bilər.
Qapalı qruplar və xüsusi qaydalar
Redaksiyaya təqdim edilən WhatsApp yazışmalarında çoxsaylı iştirakçıların olduğu qruplar görünür.
İddialara görə, qrup üzvlərinə müəyyən qaydalar göndərilib, sistem haqqında məlumatların kənarda paylaşılmaması tələb olunub.
Mütəxəssislərin fikrincə, yüksək gəlir vədi, qeyri-şəffaf fəaliyyət mexanizmi və yeni iştirakçıların cəlb edilməsinə əsaslanan modellər maliyyə riskləri yarada bilər.
Redaksiya olaraq məsələ ilə bağlı adı hallanan şəxslərin, KUEHNE+NAGEL şirkətinə artıq sorğu göndərilib. Aİdiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.
Araşdırmanın davamı var…

