
Söz tv xəbər verir ki, son zamanlar cəmiyyət arasında ən çox qınaq obyektinə çevrilən mövzulardan biri valideynlərin uşaqlarına qarşı basqı göstərməlaridir. Misal olaraq göstərmək olar ki, ictimai yerlərdə və cəmiyyət arasında valideynlər, xüsusilə analar, uşaqları ağlayarkən onların üstünə qışqırır və yaxud döyürlər. Bəs anaların uşaqlarına bu cür rəftar etmələri uşaqlara necə təsir edir ? Bu suala cavab tapmaq üçün psixoloq Gülnar Orucova ilə əlaqə saxladıq:
“Ümumiyyətlə, uşaqları hərə bir cür tərbiyə edir. Kimi söz ilə tərbiyə edir kimi kötək ilə. Amma uşaqları döymək onlara travma, psixoloji şiddət yaşatmaq kimidir. Yəni valideyn övladını döyməməlidir, söz ilə başa salmalıdır. Valideyn anlasın ki, övladını döyürsə, şiddət göstərirsə övladı gələcəkdə birinci o şiddəti valideynin özünə sonra isə cəmiyyətin digər üzvlərinə göstərəcək. Ümumiyyətlə, uşaqların bir yaş dövri olur ki, hədsiz suallar verirlər. Onların sual verməkləri belə onların beyninin inkişafına səbəb olur. Yəni böyüyürlər, dəyişirlər, fərqli olurlar və mən düşünürəm ki, onların sual verməyi daha yaxşı bir şeydir, öyrənirlər.
Kütləvi nəqliyyat vasitələrində uşaq sual verir, valideynin cavabı: “sus danışma, hamı bizə baxır.” Yəni övladlarımızın harada olursa olaq suallarını cavablandırmalıyıq. Bəzən görürük ki, valideyn uşağına deyir ki, məsələn, “burada dur şəklini çəkirəm.” Valideyn uşağının şəklini çəkib statusda paylaşmaq üçün rəsmən uşağına zülm edir.
Bəzən övladımız marketdən bir – iki ədəd nə isə götürür. Biz axırda onu almaq istəmirik. Və yaxud da birini almaq istəyirik. Bəzi hallarda valideyn uşağına alır da döyür də. Almayın, qoy sizin uşaq ağlasın. Sadəcə bizim cəmiyyətdə bir şey var. Marketdə uşaq ağlayanda başqa biri ordan çıxır, “mən sənə alaram qızım ağlama” guya mərhəmət kimi onu ona təqdim edir, amma bu doğru deyil. İnsanlar bunu qətiyyən etməməlidir. Bir valideyn uşağını tərbiyə edirsə, onun işinə qarışmayın.
Ən yaxşısı küsmək ilə cəzalandırmaqdır, günlərlə onları danışdırmayacam deyə yox. Məsələn: “atan evə gələnə kimi səni danışdırmayacam, axşam yeməyinə qədər səni danışdırmayacam” və ya “sən bunu sevirsən amma bu işi gördüyünə görə almayacam.”
Bəzən valideynlər uşaqlarını gəzməyə aparırlar, gəzməkdə belə ağlayır o, onu döyür. Aparmayın xanımlar. Əgər övladınız özünü bilirsiniz ki, bu yerdə bu cür aparacaq. O tip olmayan yerlərə aparın. Və yaxud da övladlarınızı keçidli bir neçə məkana aparmayın. O, artıq yorulur, yorulanda da ağlayır, istəkləri bitmir.
Belə bir məsəl var ki: “uşağı hamının içində təriflə, evə gələndə tənqid edə bilərsən.” Bu bir atalar məsəlidir və bəlli bir təcrübəyə dayanır. Əvvəllər bir ailədə dörd uşaq, beş uşaq, yeddi uşaq olardı. Bu cür ailələrdə kapriz sıfırdır. Niyə kapriz sıfırdır? – Çünki bu uşaqlar artıq bilirlər ki, bunu paylaşmalıdırlar, bölüşməlidirlər, sıralarını gözləməlidirlər və bu ailələr daha uğurlu ailələr olurdu. Amma bir uşaq olan ailələrdə problemlər daha çox olur. Çünki bu cür ailədə, uşağın sosiallığı aşağı olur, qısqanc olur, paylaşmağı sevmir, hər istəkləri yerinə yetib deyə bunun davamını istəyir. Bu gün də ailələrdə bir ya iki uşaq olduğuna görə, kaprizli və problemli uşaqların olması normaldır. Çünki ailədə dörd uşaq olanda artıq bu ailə fərqli ailə olur.”
Sosioloq Elçin Bayramlı isə bildirdi ki, bizim ölkədə bu hallar düzəlmək əvəzinə getdikcə pisləşir.
“Təəssüf ki, son vaxtlar belə halların sayı artır, bizdə müşahidə edirik. Bu, çox qeyri – sağlam tərbiyə metodudur. Ümumiyyətlə tərbiyə metodu deyil. Yəni bu əvvəldən tərbiyə verilməməsinin, açıq göstəricisidir. Uşaq tərbiyəsi anadan olandan sonra başlayır. Valideyn onu normal psixologiyada, normal tərbiyə sistemində böyütməlidir, izah edib, başa salmalıdır ki, sonradan fiziki təzyiqə ehtiyac qalmasın.
Çox təəssif ki, son dövrlərdə uşaq tərbiyəsinin başını buraxmışıq, cəmiyyət olaraq uşaqları ərköyün böyüdürük. Nə istəsə o saat təşkil edib alırıq və bir dəfə də bunu etməyəndə artıq uşaqda streyka yaranır, ciddi müqavimət göstərir, ağlayır, müxtəlif oyunlar çıxarır. Artıq bundan sonra valideynin onu düzəltmək üçün imkanı qalmır, əl atır fiziki təzyiq göstərməyə. Ona görə də, sistem əvvəlcədən düzgün qurulmalıdır. Bir çox ölkələrdə buna görə valideynlər cəzalandırılır, hətta, bəzi ölkələrdə uşaq valideyndən alınır, dövlət himayəsinə götürülür, internat məktəblərinə yerləşdirilir.
Bizim ölkədə bu hallar düzəlmək əvəzinə getdikcə pisləşir. Artıq belə çıxır ki, bununla bağlı xüsusi bir qərara və qanuna ehtiyac olacaq ki, valideynlərin məsuliyyəti artsın. Vaxtında ərköyün böyüdülən, tərbiyə verilməyən bu kimi uşaqlar böyüyəndə cəmiyyət üçün çox ciddi problemlər yaradır. Onlar psixologiyası pozulmuş, travma almış uşaqlar olur. Gələcəkdə cinayətkarlığa meyilli olur, başqalarına qarşı fiziki təzyiqə meyilli olur, öz ailəsinə də, dostlarına da belə davranır ümumiyyətlə yekun nəticədə bütün cəmiyyətə zərər vurur. Bu baxımdan, valideynlər bu məsələlərdə diqqətli olmalıdırlar. Uşaq düzgün tərbiyə olunmalıdır, uşaq ailənin mərkəzinə qoyulmamalıdır ki, ağzından nə çıxdı o saat alınsın, hazır olsun ki, sabah da birini etməyəndə uşaq belə oyunlar çıxartsın, buda onu vurmağa məcbur olsun. Yəni bu artıq vaxtında görülməyən tədbirlərin, vaxtında yerinə yetirilməyən borcların hazır nəticəsidir. Bundan sonra bunu heç cür düzəltmək olmur. Ona görə normal qaydada izah olunmalıdır vəziyyət, başa salınmalıdır, nəyə görə bu qadağan olunur və yaxud nəyə görə bu ona alınmır?, normal qaydada əvvəldən nə formada tərbiyə olunursa uşaq o formada da davam edir. Yəni problem sırf valideynlərin məsuliyyətsizliyindən savadsızlığından, uşaq psixologiyasından heç bir məlumatı olmamasından bağlıdır.
Deməli, məsələyə çox sadə yanaşmaq lazımdır. Uşaqlar tam olaraq eqoist də böyüdülməməlidir eyni zamanda fiziki olaraq zərər vurmamaq lazımdır. Bunların ortasında elə bir qızıl orta tapılmalıdır ki, vaxtında görülən tədbirlər nəticəsində heç buna ehtiyac yaranmasın. Uşaq sağlam, düzgün mühitdə, tərbiyəvi mühitdə böyüsün və belə hallar yaranmasın. Sonradan yaranan problemlərin nəticəsi ilə uğraşmaqdansa, əvvəldən bu məsələni düzgün həll etmək lazımdır. Əvvəllər belə yanaşılırdı, son dövrlərdə həddindən artıq ərköyün uşaqlar böyüdülür. Bu isə bütün ailə üçün də, cəmiyyət üçün də, uşağın özünün psixologiyası üçün də çox ciddi problemdir və burada yeganə günahkar valideynlərdir düzgün tərbiyə verməməkdə.”
Bəs uşaqlarına qarşı fiziki təzyiq göstərən valideynləri qanunla nə gözləyir ? – Hüquqşünas Ramil Süleymanov söylədi ki, bu əməli törədən 300 manatdan 500 manata qədər cərimə olunur və ya 2 ay müddətə şəxsiyyəti nəzərə alınmaqla həbs tətbiq oluna bilər.
“Birinci növbədə onu bilmək lazımdır ki, kimliyindən asılı olmayaraq, hər bir fərdin hüquqları var, o cümlədən, uşaqların. Nəzərə çatdırmaq istəyirəm ki, uşaqlar həssas kateqoriya olan əhali qrupuna aiddir. Belə ki, bu qrupdan olan fərdlər dövlətin xüsusi nəzarətində və qorunmasındadırlar. Bildirmək istəyirəm ki, qeyd edilən sual ilə bağlı əgər valideynlər küçədə uşaqlarına qarşı aqressiv davranarları təqdirdə birinci növbədə onların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 – ci maddəsinə uyğun olaraq məsuliyyəti yaranır. Həmin maddədə döymə və sair zorakılıqla bağlı hərəkətlərin sanksiyalaşdırılması nəzərdə tutulmuşdur. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 157.1 – ci maddəsində göstərilən döymə və sair zorakılıq hərəkətləri, qəsdən fiziki ağrı yetirmə hərəkətləri əgər şikayət olunarsa və bununla bağlı araşdırma aparıldıqdan sonra təsbit olunduğu təqdirdə, bu əməli törədən hətta valideyn belə olsa 300 manatdan 500 manata qədər miqdarda cərimə olunur və ya 2 ay müddətə şəxsiyyəti nəzərə alınmaqla həbs tətbiq oluna bilər.
Bundan başqa qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189 – cu maddəsində valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirə bilməməsi və yerinə yetirməməsi barədə müddəa öz əksini tapmışdır. Əgər göstərilən sübutlar kifayət qədər şəxsin öz vəzifələrinə qarşı etinasız və hörmətsiz davranması əks olunarsa və bununla bağlı müvafiq sübutlar olarsa, burada şikayətlər ola bilər, kənardan video çəkiliş ola bilər və s. Belə olan təqdirdə şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189 – cu maddəsinə əsasən, həmin valideyn xəbərdarlıq olunur və ya 40 manatdan 60 manata qədər inzibati qaydada cərimə oluna bilirlər.
İstənilən halda valideynlərin o təfəkkürü kökündən yanlışdır ki, “uşaq mənimdir özüm bilərəm, necə istəyərəm elə davranaram” – bu birmənalı şəkildə yol verilməzdir. Bildirim ki, uşaqlar dövlətin himayəsi altındadırlar və dövlət uşaqların qorunmasını konstitusiyonlu öhdəlik olaraq üzərinə götürübdür. Bununla bağlı hətta əgər bu tip zorakılıq hallarının təkrarlandığı və mütəmadi hal aldığı təqdirdə dövlətin tam ixtiyarı var ki, həmin uşağı valideynin əlindən alsın və özünün himayəsinə götürsün.” – deyə o bildirib.
Ümidvarıq ki, bundan sonra valideynlər uşaqları ilə cəmiyyət arasında nəzakətli və mülayim rəftar edərlər.
xüsusi Müxbir- İlkin Rafiqoğlu