İyulun 8-də Adil Əliyevin Suraxanı rayonuna icra başçısı təyin edilməsinin iki ili tamam oldu. Anaxeber.info.az yazır ki, bu 2 il müddətində Suraxanı rayonunda köklü şəkildə heç nə dəyişməyib və problemlər olduğu kimi qalıb. Yerli sakinlərin, sosial şəbəkələrdə şikayətini yazanların, mətbuatın yaydığı videoların əsasında belə qənaətə gəlmək olar ki, Suraxanı Adil Əliyevin rəhbərliyi dövründən əvvəl necə idisə, elə bu gün də eyni vəziyyətdədir. Hətta ən kiçik problemlər belə həllini tapmayıb. Xüsusən də Yeni Günəşli, eləcə də Köhnə Günəşli, həmçinin, Qaraçuxur və Yeni Suraxanı ərazilərində sakinlər üçün hər hansı bir abadlıq işi görülməyib. Məsələn, Yeni Günəşlidə yaşayanlar deyirlər ki, yollar dağınıq, asfalt vurulmur, dəfələrlə şikayət olunsa da heç bir tədbir görülməyib. İcra başçısı Adil Əliyevə olan müraciətlər də nəticəsiz qalıb. Hər gün işə gedib-gələn icra başçısı Yeni Günəşlinin yollarından xəbərsizdirmi? Öz xidməti avtomobili bu yolların bərbad vəziyyətdə olduğunu nasaz olanda görmürmü? Necə ola bilər ki, 2 il ərzində bir dəfə bu yollara bir maşın asfalt tökülməyib. Konkret olaraq şir heykəli olan ərazidən axıra qədər yollar çala-çuxurdur. Həmçinin, digər küçələr də o vəziyyətdədir. Ən dəhşətlisi odur ki, işıqlanma yoxdur. Gecələr göz gözü görmür və istənilən an qəza riski, piyada vurulması təhlükəsi yaşanır. Necə olur ki, Bakının digər rayonlarında pis-yaxşı yollar düzəldilib, işıqlanma var, amma Adil Əliyevin rəhbəri olduğu rayon zülmətə qərq olub, küçələri bərbad gündədir?!
Bir icra başçısı kimi onun özünə təsir etmirmi? Yəni 2 il ərzində Yeni Günəşlini həqiqətən də günəşli bir yerə, cənnətə çevirmək olardı.
Amma təkcə yol və işıq məsələsi deyil, həm də yaşıllıqların məhvi, yerində binalar, obyektlər tikilməsi vətəndaşları narazı salır. Bu günlərdə SPACE telekanalında ağacların kəsilməsi barədə süjet verildi. Məlum oldu ki, Suraxanı rayonunda bir iş adamı ağac kəsib tikinti aparır. Bəs ictimai istifadədə olan ərazidə tikintiyə icazəni kim verir? – Suraxanı İH.
Belə çıxır ki, Adil Əliyevin başçılıq etdiyi rayonda istənilən qanunsuzluğa yol vermək olar. Ümumiyyətlə, paytaxtda ən geridə qalan, abadlığı, yolu, işığı olmayan yer bu ərazilərdir. Bütün bunların nəticəsidir ki, Adil Əliyevə BŞİH rəhbəri Eldar Əzizov töhmət verib. Bəli, Bakıda iki icra başçısı töhmət alıbsa, biri də Adil Əliyevdir. Yəni 2 il ərzində icra başçısı həm də bu neqativ rəylə yadda qaldı. Töhmət isə əsaslı idi.
A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.
Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb.
Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.
Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib. Amma üstündən aylar keçib, heç nə dəyişməyib. Doğrudur, icra başçısı şəhid ailələrinə və qazilərə münasibətdə diqqətlidir, belə də olmalıdır, amma rayonun problemlərini başdı başına buraxıb…
Anaxeber.info.az
