7A avtobusunda sərnişin yağış altında qalıb: “1 saat yarımlıq yolu saçım və üstüm islanaraq gəldim”. Bakıda 7A marşrut avtobusundan istifadə edən sərnişin avtobusun vəziyyəti ilə bağlı narazılığını bildirib.
Bizimesr.media bildirir ki, vətəndaşın sözlərinə görə, hadisə Əhmədlidən Bakı Dəmiryol Vağzalı istiqamətində hərəkət edən 7A avtobusunda baş verib. O, avtobusda pəncərə kənarında əyləşib və yol boyu üzərinə su axıb.
Şikayətçi bildirib ki, təxminən 1 saat yarımlıq yol ərzində aldığı kitabın klyokunu başının üzərində tutmağa məcbur olub: “Saçım, üstüm islanaraq gəldim. Kondisionerin suyu idi, ya moykadan çıxmışdı, bilinmir”.
Vətəndaş hesab edir ki, suyun haradan axmasından asılı olmayaraq, avtobusun texniki vəziyyətinə nəzarət edən qurum məsuliyyət daşımalıdır.
Şikayətçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək sərnişinlər üçün daha normal və təhlükəsiz nəqliyyat şəraitinin yaradılmasını istəyib.
“Onsuz da bərbad nəqliyyat sisteminizlə söyülürsünüz. Heç olmasa, yığdığınız pullara normal nəqliyyat vasitəsi təqdim edin”, – deyə vətəndaş bildirib.
Bizimesr.media



