Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 2-ci massivinin sakinləri 15 gündür içməli su problemindən əziyyət çəkdiklərini bildiriblər.
Bizimesr.media xəbər verir ki, qəsəbənin qeyd olunan ərazisində suyun verilməsi uzun müddətdir dayandırılıb və problem hələ də tam həllini tapmayıb.
Sakinlər bildirirlər ki, xüsusilə yayın ən isti günlərində insanların 15 gün ərzində içməli sudan məhrum qalması ciddi narahatlıq yaradıb. Onlar aidiyyəti qurumların problemin həlli ilə bağlı konkret tədbir görməsini tələb edirlər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət edilib.
Qurumdan bildirilib ki, qeyd olunan ərazidə içməli su xəttində qəza baş verib.
Lakin burada əsas sual yaranır – bir içməli su xəttində baş verən qəza 15 gün ərzində niyə tam aradan qaldırılmayıb?
Bir neçə saatlıq və ya bir günlük qəza başadüşülən ola bilər. Ancaq bütöv bir yaşayış massivinin sakinlərinin 15 gün ərzində susuz qalması artıq adi texniki problem çərçivəsindən kənara çıxır.
Üstəlik, söhbət yayın ən isti günlərindən gedir. İnsanların gündəlik məişət ehtiyacları, uşaqların, yaşlıların və digər sakinlərin suya olan tələbatı nəzərə alınarsa, belə uzunmüddətli fasiləyə ciddi izahat verilməlidir.
ADSEA-nın “qəza baş verib, aradan qaldırılıb və suyun verilişi bərpa olunur” açıqlaması isə sakinlərin əsas sualına cavab vermir – problem 15 gün davam edibsə, qəzanın aradan qaldırılması niyə bu qədər vaxt aparıb?
Üstəlik, Lökbatanda su ilə bağlı problemlərin ilk dəfə yaşanmadığı da görünür. İyunun əvvəlində qəsəbədə yeni çəkilmiş su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar iki gün müddətinə suyun verilməsi dayandırılmışdı.
Avqustun əvvəlində isə Lökbatanın ayrı-ayrı ərazilərində su problemi ilə bağlı yenidən sakin müraciətləri yayılıb. Belə hallarda qurum qəzanın operativ şəkildə aradan qaldırıldığını açıqlasa da, sakinlər bəzi ünvanlarda suyun hələ də gəlmədiyini bildiriblər.
Bu mənzərə ADSEA qarşısında daha ciddi suallar yaradır və onların fəaliyyətini sualı altına alır.
Bir qəsəbə 15 gün susuz qalırsa, bu, sadəcə “qəza” kimi təqdim edilməli, yoxsa su təsərrüfatının idarə olunması ilə bağlı məsələ kimi araşdırılmalıdır?
Sakinlərə “su bərpa olunur” deməklə kifayətlənmək əvəzinə, qəzanın səbəbi, təmirin niyə uzun çəkdiyi və gələcəkdə belə halların təkrarlanmaması üçün hansı tədbirlərin görüləcəyi açıqlanmalıdır.
