“Real Azərbaycan” saytının təsisçisi Dəyanət Babayev Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət ünvanlayıb.
Dəyanət Babayev müraciətində bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənov dəfələrlə onun əleyhinə qərəzli qərarlar qəbul edib və ona qarşı obyektiv olmayan münasibət nümayiş etdirib.
Media nümayəndəsi bu məsələ ilə bağlı Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovdan kömək istəyib.
Müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri hörmətli İnam Kərimova
Müraciət
Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev (bina) 0643, mənzil 0196 ünvanında yaşayan, RealAzerbaycan.az xəbər saytının təsisçisi Babayev Dəyanət Səxavət oğlu, Sizə aşağıdakı məsələ ilə bağlı müraciət edirəm.
Hörmətli İnam müəllim!
Təxminən 10 ilə yaxındır ki, media sahəsində fəaliyyət göstərirəm. Bu müddət ərzində hər zaman dövlətçilik prinsiplərinə sadiq olmuş, fəaliyyətimdə qanunun aliliyini rəhbər tutmuşam. İstər Ədliyyə Nazirliyi, istərsə də rəhbərlik etdiyiniz Məhkəmə-Hüquq Şurası ilə indiyədək heç bir prinsipial narazılığım olmayıb. Əksinə, hazırladığım bir sıra materiallarda rəhbərlik etdiyiniz qurumlarla sıx əməkdaşlıq etmişəm.
29 aprel tarixində “TikTok” platformasında canlı yayım zamanı mənə tanımadığım saxta hesablar vasitəsilə təhqiramiz ifadələr səsləndirilmişdir. Həmin şəxslərin kimliyini bilmədiyim üçün emosional reaksiya vermişəm. Sonradan məlum olmuşdur ki, həmin hesabların arxasında əvvəllər mənimlə şəxsi qərəzli münasibətdə olmuş İlhamə Kərimova dayanır.
O, canlı yayımın ekran görüntülərini və videoyazısını Sumqayıt Şəhər 5-ci Polis Bölməsinə təqdim edərək barəmdə şikayət etmişdir. Aparılmış təhqiqat araşdırması zamanı şikayət əsassız hesab edilərək rədd olunmuşdur.
Bundan sonra İlhamə Kərimova xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə mənə qarşı Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. İşə hakim Ləman Qasımzadənin sədrliyi ilə baxılmış və şikayət kifayət qədər hüquqi əsaslara söykənmədiyi üçün icraata qəbul edilməmişdir.
Qarşı tərəf həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermiş və iş hakim Habil Bəhmənovun icraatına verilmişdir. Qeyd etmək istəyirəm ki, Habil Bəhmənov bundan əvvəl də mənimlə bağlı bir neçə mülki işə baxaraq əleyhimə qərarlar qəbul etmişdir. Həmin işlərlə bağlı hazırda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlər edilmiş və baxılma mərhələsindədir.
Təəssüf hissi ilə bildirirəm ki, Habil Bəhmənov bu iş üzrə də ədalət və qərəzsizlik prinsiplərinə riayət etməmiş, mənim iştirakım təmin olunmadan, ilk məhkəmə iclasında Neftçala Rayon Məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qərarında hər hansı prosessual pozuntu müəyyən edilməmişdir.
Hörmətli İnam müəllim!
Media nümayəndəsi kimi hesab edirəm ki, bu cür qərarlar məhkəmə hakimiyyətinə olan ictimai etimada mənfi təsir göstərir və ciddi suallar yaradır. Buna görə də Sizdən xahiş edirəm ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənovun bu iş üzrə qəbul etdiyi qərarın qanunauyğunluğu və onun hərəkətlərinin Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılması üçün müvafiq tədbirlər görülsün, həmçinin işimin nəzarətdə saxlanılması barədə aidiyyəti üzrə göstəriş verəsiniz.
Əlavə olaraq bildirirəm ki, İlhamə Kərimova “TikTok” və “Instagram” platformalarında bir neçə saxta hesab açaraq həm mənim, həm də müxtəlif vəzifəli şəxslərin fotolarını paylaşmış, həmin paylaşımlara xaricdə yaşayan və Azərbaycan əleyhinə çıxışları ilə tanınan Qabil Məmmədovun təhqiramiz səs yazılarını əlavə edərək yaymışdır.
Bu faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İlhamə Kərimova saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Mən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, istintaq hərəkətləri isə hazırda yekunlaşmaq üzrədir. Bundan əlavə, həmin şəxsin əvvəllər də məhkumluqları olmuşdur.
Təəssüf doğuran hal ondan ibarətdir ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Habil Bəhmənov bu mühüm halları və qarşı tərəfin şəxsiyyətini xarakterizə edən məlumatları da nəzərə almamışdır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, müraciətimin obyektiv araşdırılmasını, qeyd etdiyim hallara hüquqi qiymət verilməsini, hakimin fəaliyyətinin yoxlanılmasını və işimin şəxsi nəzarətinizdə saxlanılmasını Sizdən xahiş edirəm.
Hörmətlə, Babayev Dəyanət Səxavət oğlu RealAzerbaycan.az xəbər saytının təsisçisi
Əlaqə: (055) 8288841
