Son 2 gündə vətəndaşların dini hisslərini təhqir etdiyinə görə 2 tiktoker həbs olunub: “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov və Üzeyir Abas.
“Ateist olmaqla dini dəyərləri təhqir etmək arasında fərq var və bu anlayışlar bir-biri ilə qarışdırılmamalıdır”.
Bunu “Yeni Sabah”a islamşünas Fərid Abdullah bildirib.
O, sosial şəbəkələrdə insanların dini hisslərini təhqir etmə hallarının artması və bu sayaq şəxslərin əksər hallarda cəzasız qalmasınına dair iddiaları şərh edib:
“Kiminsə “mən ateistəm”, yaxud “mən dindaram” deməsinə görə ona təzyiq göstərilməməlidir. Hər kəsin fikir və ifadə azadlığı var. Amma bu azadlıq başqalarının hisslərini və sərhədlərini pozmamalıdır. Qarşılıqlı hörmətsizlik halları həm dindarlar, həm də ateistlər arasında müşahidə oluna bilər.
Bəzən dindarlar ateistləri ağır ifadələrlə tənqid edir, bəzən isə əksinə olur. Halbuki fikir ayrılığı təhqirə çevrilməməlidir. Ateizm sadəcə bir dünyagörüşüdür və ateist olma dindar insanları təhqir etmək demək deyil”.
Fərid Abdullah sosial şəbəkələrdə dini dəyərlərə qarşı aqressiv çıxışların bəzi insanlar üçün populyarlıq vasitəsinə çevrildiyini də vurğulayıb:
“Təəssüf ki, belə davranışlar bəzən insanlara məşhurluq qazandırır. Ancaq ifadə azadlığı o həddə qədərdir ki, başqalarının hüquq və azadlıqlarına zərər verməsin. Əgər bu sərhədlər aşılırsa və insanlar məqsədli şəkildə təhqir olunursa, məsələyə hüquqi qiymət verilməsi mümkündür”.
Həbs olunan şəxslərin həqiqətən ateist olub-olmaması və ya hansısa qrupların təsiri altında hərəkət etməsi ilə bağlı suala cavab verən islamşünas ehtiyatlı mövqe nümayiş etdirib:
“Kimlərinsə hansısa qrupların tapşırığı ilə hərəkət etdiyini sübut olmadan söyləmək doğru deyil. Din də zənn-gümanla hökm verməyi qəbul etmir. Belə iddialar üçün konkret dəlillər olmalıdır”.
