Vətəndaş Bəhram Axundov redaksiyamıza müraciət edərək “Caspian Global Auto” şirkətindən ciddi narazılığını ifadə edib. Onun sözlərinə görə, Çindən sifariş etdiyi avtomobil müqavilədə göstərilən müddətdə Azərbaycana gətirilməyib, daha sonra isə razılığı olmadan başqa VIN kodlu avtomobil alındığı bildirilib.
Şikayətçinin sözlərinə görə, o, 11 may tarixində “Caspian Global Auto” vasitəsilə Çindən avtomobil sifariş edib. Şirkət nümayəndələri avtomobilin 40-45 gün ərzində Azərbaycana çatdırılacağını vəd ediblər.
Bəhram Axundov bildirir ki, ilkin olaraq 3 min manatı özünü şirkət rəhbəri kimi təqdim edən Ramil adlı şəxsə kartdan-karta köçürüb. Ertəsi gün isə qalan məbləği təqdim olunan PDF sənədi əsasında “Kapital Bank” vasitəsilə ödəyib.
Onun sözlərinə görə, sifarişdən təxminən 20 gün sonra avtomobilin daşınma prosesi ilə maraqlanmağa başlayıb. Şirkətdən avtomobilin Çinin Horgos şəhərinə çatdığı bildirilsə də, bunu təsdiq edən video və ya foto material təqdim edilməyib. “Video görüntü tələb etdim. Məhz bundan sonra müxtəlif bəhanələrlə məni günlərlə, həftələrlə gözlətməyə başladılar”, – deyə şikayətçi bildirir.
“Razılığım olmadan başqa avtomobil alınıb”
Bəhram Axundov iddia edir ki, sonradan ona sifariş etdiyi avtomobilin ümumiyyətlə mövcud olmadığı bildirilib. Onun sözlərinə görə, şirkət heç bir razılıq almadan eyni model və eyni rəngdə, lakin başqa *VIN kodlu* avtomobil aldığını etiraf edib.
Şikayətçi bildirir ki, sifariş zamanı avtomobilin son istehsal aylarına aid olmasını xüsusi tələb edib və ona mart-aprel istehsalı olan avtomobil vəd edilib. Lakin sonradan onun razılığı olmadan yanvar istehsalı olan başqa avtomobil alındığı deyilib.
“Mən yalnız ödədiyim VIN kodlu avtomobili qəbul edəcəyimi bildirdim. Başqa VIN kodlu avtomobili qəbul etmədim və müqavilənin ləğv edilərək pulumun qaytarılmasını tələb etdim”, – deyə o qeyd edir.
“Avtomobil yoldadır dedilər, sonradan məlum oldu ki, heç avtovoza yüklənməyib”
Şikayətçi bildirir ki, şirkət ona dəfələrlə müxtəlif tarixlər verərək avtomobilin artıq yolda olduğunu deyib. Onun sözlərinə görə, əvvəlcə iyunun sonu, daha sonra iyulun 12-si, 15-i və 20-si tarixləri göstərilib.
Lakin iddiasına əsasən, iyulun əvvəlində şirkətin ofisinə gedərkən ona avtomobilin ümumiyyətlə avtovoza yüklənmədiyi bildirilib. Bəhram Axundovun sözlərinə görə, şirkətin əməkdaşları bunun səbəbini qarşı tərəfin səhlənkarlığı ilə izah ediblər. “Mənə iki həftə ərzində avtomobilin yolda olduğu deyildi. Sonradan məlum oldu ki, ümumiyyətlə daşınmağa belə başlamayıb”, – deyə şikayətçi bildirir.
“Bilet tarixini dəyişdim, əlavə xərc çəkdim”
Şikayətçi bildirir ki, şirkətin verdiyi vədlərə inanaraq xarici səfərinin tarixini dəyişmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, təyyarə biletlərinin tarixini dəyişdiyinə görə əlavə cərimə ödəyib və bu zərərin də şirkətin gecikməsindən qaynaqlandığını iddia edir.
Bundan başqa, Kapital Bank filialına müraciət etdiyini bildirən vətəndaş deyir ki, avtomobilin VIN kodunun dəyişdirilməsi səbəbindən əlavə 60 ABŞ dolları məbləğində komissiya və ya cərimə ödənilə biləcəyi ona bildirilib.
“Bütün yazışmalar və səs yazıları məndədir”
Bəhram Axundov qeyd edir ki, şirkətin əməkdaşları ilə apardığı bütün WhatsApp yazışmaları, səsli danışıqlar və digər sübutları saxlayıb.
O bildirir ki, müqavilədə göstərilən çatdırılma müddəti artıq keçib, lakin avtomobil hələ də təhvil verilməyib. Şikayətçi internetdə apardığı araşdırmalar zamanı da şirkətlə bağlı gecikmələr və digər problemlərlə bağlı müxtəlif məlumatlarla rastlaşdığını iddia edir.
Dövlət qurumlarına və məhkəməyə müraciət edəcək
Bəhram Axundov bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı *Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, **Daxili İşlər Nazirliyinə* və aidiyyəti digər dövlət qurumlarına rəsmi müraciət edəcək.
Onun sözlərinə görə, vəkillə məsləhətləşərək məhkəməyə müraciət etməyi, ödədiyi məbləğin tam şəkildə geri qaytarılmasını, həmçinin gecikmə və vurulduğunu iddia etdiyi maddi zərərə görə kompensasiya tələb etməyi planlaşdırır. Redaksiya səsləndirilən iddialarla bağlı “Caspian Global Auto” şirkətinin də mövqeyini dərc etməyə hazırdır.(Bizimesr.com)

