Skip to content
27.08.2026
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
soztv.az

soztv.az

Sözümüz sözdür

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • İQTİSADİYYAT
  • GÜNDƏM
  • DÜNYA
  • ÖLKƏ
  • CƏMİYYƏT
  • HADİSƏ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • BAXIŞ BUCAĞI
  • ARAŞDIRMA
  • İDMAN
  • VİDEO
SÖZ TV
  • Home
  • Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?
  • BAXIŞ BUCAĞI
  • CƏMİYYƏT
  • GÜNDƏM

Dərəbəylik hüququ: Naxçıvanlı iş adamının zorla qəsb olunmuş mülkiyyəti niyə geri qaytarılmır?

admin 30.06.2026
1782756429_1
Dərəbəylik və hüquq. Bu iki bir-birinə zidd anlayışları bir yerdə görəndə, yəqin ki, təəccübləndiniz. Amma dərd burasındadır ki, Naxçıvan Muxtar Dərəbəyliyində Vasif xan dövründə bərqərar olunmuş dərəbəylik qaydaları və onun nəticələri bu günə qədər dəyişilmədən qalır. Ən pisi isə odur ki, klassik dərəbəylik sistemlərindən fərqli olaraq, müasir Naxçıvan MR-də bütün bu özbaşınalıqlar adına hüquq-məhkəmə orqanları deyilən qurumlar tərəfindən qorunur, mühafizə olunur. Bunun ən bariz nümunəsi Vasif Talıbovun dövründə mülkiyyəti əlindən alınan Razi Orucovun yaşadıqlarıdır.
İş adamının bildirdiyinə görə, 2018-ci ildə Vasif Talıbovun oğlu Seymurun sürücüsü Həsən Əhmədov onunla görüşüb və ağasının adından Türkiyəli iş adamı Emin Uçara məxsus “Sizin Market” mağazasını işlətməyi ondan tələb edib. Deyib ki, marketin kirayə haqqı olaraq ayda 10 min manat bankdakı bir hesaba pul ödəyərsən. Yəni market ona 10 manata kirayə verilib. Bir neçə ay Seymur Talıbovun tələblərinə uyğun qaydada “Sizin Market”i işlədən Razi Orucov az keçməmiş yenə öz qarşısında Həsən Əhmədovu görüb. Seymurun sürücüsü ona deyib ki, bundan sonra ayda 10 min yox, 20 min manat “kirayə haqqı” ödəməlisən. Özü də banka deyil, birbaşa mənə.
“Sizin Market”in aylıq mənfəətinin heç 20 min manat olmadığını deyən iş adamına sürücü Həsən bildirib ki, onda get, “müəllim”lə (Seymur Talıbov nəzərdə tutulurdu) görüş, onunla sövdələş. Çar-naçar Seymurla görüşən Razi o dövrün Naxçıvan “xan”ının vəliəhdinin sərt xəbərdarlığı ilə qarşılaşır: “Bütün mülkiyyətini mənim atamın hesabına qazanıbsan, onların hamısını mənə qaytarılmalısan”.
Beləcə, Razi Orucovun bütün əmlakının müsadirə olunması prosesi başlayır. Dərəbəylik rejimi onun yalnız “Sizin Market”in vitrininə yığdığı malları deyil, həmçinin əlindəki digər obyektləri və mülkiyyətləri də alıb. Üstəlik, bütün bu müsadirə olunmalar “hüquqi” yolla ələ keçirilir. Razini maşına oturdaraq Naxçıvan şəhərindəki 1 saylı notariusa aparıb 4 evini, 3 maşınını (1 Niva, 1 Ford Transit, 1 Toyota Prado) Sizin marketinin bütün əmlakını, Naxçıvan şəhərinin yaxınlığındakı (Əliabad qəsəbəsi) fermasını, Alman apteki adlanan obyektini Nəqşicahan MED MMC-yə “bağışladırlar”. Beləcə, iş adamının ümumilikdə 1.6 milyon manatlıq əmlakı zorla ələ keçirilir.
İş adamının 2 il ərzində Naxçıvanın hüquq-mühafizə orqanlarında döymədiyi qapı, şikayət etmədiyi ünvan qalmır. Nəhayət, onun məhkəmələrə, prokurorluğa, polis orqanlarına göndərdiyi şikayət məktublarına “cavab” birbaşa ən yüksək instansiyadan – “xanzadə” həzrətləri Seymur Talıbovdan gəlir. Razini yanına çağıran Seymur Talıbov ona atasının daşınmaz əmlakı sayılan Naxçıvanı tərk etməsi üçün 24 saat vaxt verir. Məcburən “xanzadə”nin tapşırığını yerinə yetirən iş adamı Bakıya getməli olur.
Paytaxtda da öz hüquq mübarizəsini davam etdirən Razi ən müxtəlif instansiyalara şikayət məktubları göndərir, amma heç birindən nə müsbət, nə də mənfi cavab ala bilir. Bir ilə yaxın davam edən bu cəhdlər heç bir nəticə verməyincə, hər yerdən əli üzülən Razi sonunda Prezidentə və Birinci Vitse-Prezidentə pənah aparır.
Ölkə rəhbərlərinə yazdığı məktublar Prezident Administrasiyası tərəfindən baxılması üçün yenidən Naxçıvanın müvafiq hüquq-mühafizə orqanlarına göndərilir. Razinin əsl fəlakəti də bundan sonra başlayır. Naxçıvan dərəbəyliyinin hüquq-mühafizə orqanlarından ona zəng edib, təcili görüşə çağırırlar. İş adamı da sonunda “haqq öz yerini tapacaq” düşüncəsiylə sevinə-sevinə Naxçıvana qayıdır. İçərisində olduğu təyyarə Naxçıvan aeroportuna çatar-çatmaz onu 1 nömrəli terrorçu kimi əl-qolunu bağlayıb Böyükdüz kəndində yerləşən dərəbəylik həbsxanasına aparırlar.
Sənədlərdən belə məlum olur ki, Böyükdüz həbsxanasında məhkəmə keçirib Razi Orucovu “xanzadə”yə guya böhtan atdığına görə, Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə azadlıqdan məhrum ediblər. Bu maddədə bildirilir: “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Göründüyü kimi, maddədə söhbət kütləvi informasiya vasitələrində bilə-bilə kiminsə haqqında yalan məlumat yaymağın cəzalandırılması nəzərdə tutulur. Razi isə heç bir media qurumunda çıxış etməyib, sadəcə Prezidentə və Xanımına məktub yazıb. Bunu belə Raziyə çox görən dərəbəylik məhkəməsi onun barəsində ən ağır cəzanı – altı ay müddətində azadlıqdan məhrumetmə hökmünü çıxarır.
Amma cəza bununla da yekunlaşmayıb. Böyükdüzdə saxlanıldığı 22 gün ərzində həbsxana rəisi, hazırda bənzər əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov və “dərəbəyzadə” Seymurun sürücüsü Həsən Əhmədovun rəhbərliyi altında hər gün bir neçə dəfə döyülüb ağır işgəncələrə məruz qalan Razinin bəxti onda gətirir ki, Prezident İlham Əliyev 2021-ci ilin noyabr ayında Zəfər bayramı münasibəti ilə amnistiya aktı imzalayır. Razinin ittiham olunduğu maddə də bu amnistiya aktının əhatə dairəsinə düşür.
Razini hənsxanadakı kamerasından çıxarıb tez-tələsik Naxçıvanın ovaxtki Ədliyyə nazirinin hüzuruna gətirirlər. Nazir ona Seymur Talıbov tərəfindən bağışlandığını və azadlığa buraxıldığı müjdəsini verir. Ardınca da bundan sonra özünü ağıllı aparmağı məsləhət görür. Qısası, Prezidentin hümanist addımı belə Naxçıvanda “xan” və “xanzadə” həzrətlərinin adına yazılır.
Razi Orucov azadlığa buraxıldıqdan sonra da öz qanuni əmlakları uğrunda mübarizəsini dayandırmır. Hər gün müxtəlif dairələrə etdiyi müraciətlər, yazdığı məktublara isə qaneedici cavablar ala bilmir. Ona 2018-ci ildə “xan” rejiminin zorla imzalatdığı notarius sənədi göstərilir və şikayətinin hüquqi əsası olmadığı bildirilir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinin 4-cü bəndinə əsasən, bağışlama əqdini bağlayan şəxs zorakılığa məruz qalıbsa, onun imzaladığı sənəd etibarlı sayıla bilməz:
“339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur”…
Razi Orucovun bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, o 2018-ci ildə bağışlama əqdi “bağladıqdan” dərhal sonra ən müxtəlif hüquq-mühafizə orqanlarına və Prezidentə dəfələrlə müraciət edərək fiziki zorakılıq altında bu sənədə imza atdığını bildirib. Sonuncu belə məktubu bir neçə gün əvvəl son ümid yeri kimi pənah apardığı Prezident İlham Əliyevə göndərib. Bütün bu faktlar onun imzaladığı bağışlama əqdinin etibarlı sayılmaması üçün yetərli dəlil sayıla bilər. Naxçıvan dərəbəyliyinin hüquq-mühafizə orqanları isə nədənsə bu faktları görməzdən gəlir.
Hazırda Razi Orucov insan oğlunun fundamental hüquqlarından sayılan mülkiyyəti uğrunda mübarizəsini davam etdirdiyi halda, onun əmlakını zorla ələ keçirən Seymur Talıbov isə Naxçıvanda əməlli-başlı at oynadır. Görünür, Naxçıvanın yazılmamış Konstitusiyasında referenduma çıxarılması belə qadağan olunan bir maddə var: “Dərəbəy dərəbəyin ayağını tapdalamaz”.
Heydər Oğuz









Soztv.az

About the Author

admin

Editor

Visit Website View All Posts
PAYLAŞIN:
Share

Post navigation

Previous: FHN-in qərarları niyə icra olunmur? – Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri/VİDEO
Next: Bəxti bağlanmış Badamdar yolu – Sürüşmə təhlükəsinə görə bağlanan yolda bərpa işləri niyə aparılmır? – VİDEO

OXŞAR MÖVZULAR

1787743109_mwzt3qam1ipqnk0jjlhx-v
  • CƏMİYYƏT

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

admin 26.08.2026
1787745281_463113916_872957681644104_5923025507455108605_n
  • CƏMİYYƏT

AĞKÖYNƏKDƏ QARA İŞLƏR… – İTTİHAM VAR…

admin 26.08.2026
1787734755_1
  • CƏMİYYƏT

Deputat: “40-50 min manata təhsil haqqı alan özəl məktəblər valideynlərin ciblərinə girirlər, qiyməti dövlət tənzimləməlidir”

admin 26.08.2026

XƏBƏR LENTİ

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı teleqraf_sas_(96)
  • İDMAN

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı

admin 26.08.2026
“Neftçi” PFK hücumçusu Alessio Kurçi ilə yollarını ayırıb. Məlumata görə, klub ilə lüksemburqlu futbolçu arasındakı müqaviləyə qarşılıqlı...
DAVAMI Read more about “Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
AFFA prezidenti “Sabah”ı təbrik etdi rovsen_necef-28 (1)
  • İDMAN

AFFA prezidenti “Sabah”ı təbrik etdi

admin 26.08.2026
AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib. “Sabah”...
DAVAMI Read more about AFFA prezidenti “Sabah”ı təbrik etdi
Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
“Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətində yerləşdirilmiş NATO-ya məxsus casus avadanlıqlarına zərbələr endirib”.   O bildirib ki,...
DAVAMI Read more about Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub
Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
Rusiyada yaşayan Azərbaycan vətəndaşı Tural Əliyev həyatına təhlükə ilə üzləşib. Minval Politika yazır ki, o, hərbi xidmətdən...
DAVAMI Read more about Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA
Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU O0pyGbUBk0IokNDTcMGO3rM8IUDYBjHournpoSTa_1200
  • HADİSƏ

Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

admin 26.08.2026
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı...
DAVAMI Read more about Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU

Bütün yazılar

teleqraf_sas_(96)
  • İDMAN

“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı

admin 26.08.2026
rovsen_necef-28 (1)
  • İDMAN

AFFA prezidenti “Sabah”ı təbrik etdi

admin 26.08.2026
owl_detail_620_1c4103e5e366a7c2fda8741b74c87e7d
  • Uncategorized

Oleq İvannikov: Rusiya Çerniqovda NATO-nun hərbi komplekslərini vurub

admin 26.08.2026
bc8ec26636aa986a06e40094a65abfba
  • ARAŞDIRMA

Ukraynaya ölümə göndərilən Turalın HARAYI – Bakıdan REAKSİYA

admin 26.08.2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • İnstagram
  • Twitter
  • Telegram
  • Whatsapp
  • Youtube
Copyright 2025 © soztv.az All rights reserved. | MoreNews by AF themes.