Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.
“Unikal”ın məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı əvəz edilməsi ilə bağlı vəsatət verib.
Müşavirədən sonra qərar elan edilib.
Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib və vəsatətlər təmin edilməyib.
Məhkəmənin növbəti iclası iyunun 2-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
