Bəzən insan haqqında ilk təəssüratımız onu yaxından tanımadığımız üçün formalaşır. Ünsiyyət qurmadıqda həmin insanın daxili dünyasını, həyat yolunu, keçdiyi çətinlikləri və xarakterini tam anlamaq mümkün olmur. Lakin zaman keçdikcə, insanı yaxından tanıdıqca onun haqqında düşüncələrimiz də dəyişir.
Bu yazıda bəhs etdiyim mərhum həmvətənimiz, dövlətinə və dövlətçiliyinə sadiq ziyalı, uzun illər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinə rəhbərlik etmiş, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli də mənim üçün məhz belə insanlardan biri idi.
Hadı müəllimi uzun illər Lənkəranda keçirilən müxtəlif tədbirlərdə, məhsul bayramlarında, konfranslarda və ictimai tədbirlərdə görmüşdüm. O zaman onu sadəcə tanınmış dövlət xadimi, ziyalı və uzun illər parlamentdə Lənkəranı təmsil etmiş şəxs kimi tanıyırdım. Onunla yaxından ünsiyyət qurmaq, söhbət etmək isə sonralar, həyatımın başqa bir mərhələsində qismət oldu.
2021-ci ildə mənə doğma Lənkəranımızda yerləşən Palıdlı Sahil Sanator-Kurort İstirahət Mərkəzindən iş təklifi gəldi. Şoumen və canlı musiqi ifaçısı kimi fəaliyyət göstərmək təklifini qəbul etdim.
İşə başladığım günlərin birində Hadı müəllimlə görüşdük. Məni görən kimi gülümsəyərək:
“Cavan oğlan, mən səni tədbirlərdə görmüşəm”, – dedi.
Mən də özümü təqdim edərək müxtəlif tədbirlərdə musiqi ifa etdiyimi və ictimai fəaliyyətlə məşğul olduğumu bildirdim. Hadı müəllim mənə xeyir-dua verdi. İlk baxışdan sadə görünən həmin görüş isə sonralar yaddaşımda çox dərin iz buraxdı.
Günlərin bir günü proqramın başlamasına az qalmışdı. Hadı müəllimin yuxarı dövlət qurumlarında çalışan qonaqları gəlmişdi. Mən də musiqi proqramına başladım.
İfalarım sırasında “Ata həsrəti” adlı mahnını səsləndirdim.
Bu ifadan sonra yaşananlar isə heç vaxt yadımdan çıxmayacaq.
Hadı müəllim qonaqları ilə çay süfrəsində əyləşmişdi. Mahnı başa çatdıqdan sonra məni yanına çağırdı. Gözlərində yaş var idi. Mənə baxaraq kövrək səslə dedi:
“Allahverən, sən bizi kövrəltdin. Oğlum, mən də atamı itirmişəm. Ata itkisi insanın qəlbində həmişə iz qoyur…”
Bu sözləri eşidəndə mən də çox kövrəldim. Çünki həmin an qarşımda yalnız dövlət xadimi, professor və Milli Məclisin komitə sədri deyil, həyatın müxtəlif sınaqlarından keçmiş, atasını itirməyin ağrısını ürəyində daşıyan bir insan dayanmışdı.
O an anladım ki, bəzən insanın cəmiyyətdə tutduğu mövqe, daşıdığı vəzifə və qazandığı titullar onun daxilindəki həssaslığı, kövrəkliyi və insani duyğuları kölgədə qoya bilmir.
Hadı müəllim mahnının müəllifi ilə də maraqlandı. Bildirdim ki, sözləri gənc şair-publisist Sevindik Nəsiboğluna, musiqisi isə mənə məxsusdur. Həmin vaxt onun qardaşı, uzun illər Lənkəran Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışmış İqbal Rəcəbli də yanında idi.
Hadı müəllimin həmin gün söylədiyi sözlər mənim üçün sadəcə bir kompliment deyildi. O sözlər məni həm kövrəltdi, həm də həyat haqqında düşündürdü. Mənə qarşıma çıxan çətinliklərdən qorxmamaq, zəhmətdən çəkinməmək və mübarizəni davam etdirmək üçün mənəvi güc verdi.
Düşünürəm ki, insanın həyat yolu heç də həmişə hamar olmur. Hər kəsin öz görünməyən mübarizəsi, öz sınaqları və heç kimə danışmadığı ağrıları var.
Bəzən insanın keçdiyi çətinliklər onun xarakterini formalaşdırır, həyata baxışını dəyişir, onu daha dözümlü və daha güclü edir. Zəhmət, səbir, iradə və əzmkarlıq isə insanın həyat yolunda ən böyük dayaqlarından birinə çevrilir.
Hadı Rəcəblinin həyat yolu da zəhmət və əzmkarlığın insanı həyatda mühüm zirvələrə apara biləcəyini göstərən nümunələrdən biri idi. O, müxtəlif həyat sınaqlarından keçərək dövlət idarəçiliyində özünəməxsus mövqe qazanmış, uzun illər Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərmişdi.
Tale yolları onu Azərbaycanın ali qanunvericilik orqanına – Milli Məclisə gətirmişdi. O, uzun illər parlamentdə fəaliyyət göstərmiş, Əmək və Sosial Siyasət Komitəsinə rəhbərlik etmiş və doğma Lənkəranı beş çağırış Milli Məclisdə təmsil etmişdi.
Onun həyat yoluna yalnız tutduğu vəzifələr və qazandığı elmi adlarla nəzər salmaq, məncə, kifayət deyil. Çünki insanın əsl siması bəzən böyük tribunaların qarşısında deyil, adi və səmimi anlarda görünür.
Mənim yaddaşımda qalan Hadı Rəcəbli də məhz belə bir anda görünən Hadı müəllimdir.
Onu yaxından tanıyan, onunla illərlə ünsiyyətdə olan insanlar Hadı müəllimin xarakterini, insanlarla münasibətini və həyat yolunu daha yaxşı bilirdilər. Mən isə onunla ünsiyyətdə olduğum müddətdə həyatının görünməyən tərəflərindən birinə şahid oldum.
Bəlkə də insanı tanımağın ən doğru yolu onun vəzifəsinə deyil, insanlığına baxmaqdır.
Hadı müəllimin mənim yaddaşımda qalan siması da məhz budur – zəhməti qiymətləndirən, keçmişini unutmayan, atasını itirməyin ağrısını qəlbində daşıyan və bir mahnının sözlərində öz duyğularını tapan həssas bir insan.
Həmin gün mən bir daha başa düşdüm ki, musiqi yalnız qulaq üçün deyil, insanın qəlbi üçündür. Bəzən bir mahnı illərdir içimizdə susan duyğuları oyadır, unudulmuş xatirələri yenidən canlandırır.
“Ata həsrəti” də həmin gün Hadı müəllim üçün sadəcə bir mahnı olmadı. O, bir xatirəyə, bir duyğuya, bir ata sevgisinə çevrildi.
Hadı müəllimin vəfat xəbərini eşidəndə inanmaq mənim üçün çox çətin oldu. Çünki ölümündən cəmi iki ay əvvəl onunla görüşmüşdük.
İnsan bəzən son görüşün son görüş olduğunu bilmir.
Elə buna görə də bəzi ayrılıqlar insana daha ağır təsir edir. Sonradan düşünürsən ki, kaş həmin görüşdə daha çox danışaydım, daha uzun söhbət edərdim, bir şəkil çəkdirərdim, bir xatirəni daha çox yadda saxlayardım…
Amma həyat belədir. İnsanlar gəlir, həyatımıza toxunur və bir gün gedirlər. Geridə isə onların sözləri, əməlləri, gördükləri işlər və yaddaşlarda yaşayan xatirələri qalır.
Acımasız fələk bu dünyadan bir Hadı Rəcəbli apardı. Amma onun keçdiyi ömür yolu, dövlətçilik fəaliyyətində qoyduğu iz və onu tanıyan insanların yaddaşında yaşatdığı xatirələr qalmaqdadır.
Mən Hadı müəllimdən bir dərs götürdüm: insanın qarşılaşdığı çətinliklər onun həyatının son nöqtəsi deyil. Zəhmət, səbir, iradə və mübarizə insanı həyatın ən yüksək zirvələrinə apara bilər.
Bəlkə də Allah insanın çəkdiyi hər bir çətinliyi, axıtdığı hər bir göz yaşını və etdiyi hər bir zəhməti vaxtı gələndə başqa bir şəkildə mükafatlandırır.
Hadı müəllimin həyat yolu mənim üçün məhz belə bir nümunədir.
Bu gün onu xatırlayarkən gözümün önünə tribunalar, rəsmi tədbirlər və yüksək vəzifələr deyil, bir mahnıdan sonra kövrələn, atasını xatırlayan və bir neçə səmimi cümlə ilə qəlbindəkiləri bölüşən Hadı müəllim gəlir.
Bəlkə də insan haqqında ən qiymətli xatirə onun vəzifəsi deyil, qəlbimizdə buraxdığı izdir.
Hadı müəllim də mənim yaddaşımda məhz belə qaldı.
Allah Hadı müəllimə rəhmət eləsin. Məkanı cənnət olsun. Ömür-gün yoldaşı Mehriban xanıma, ailəsinə, doğmalarına və onu sevən hər kəsə Allahdan səbir və dözüm arzulayıram.
Ruhun şad olsun, Hadı müəllim.
Sizi tanımaq, sizinlə ünsiyyətdə olmaq və bu xatirəni qələmə alaraq yaşatmaq mənim üçün böyük mənəvi dəyərdir.
Allahverən Pərvizoğlu
İctimai fəal, III dəfə Respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə


