Tbilisinin mərkəzində, Rustaveli prospektində yerləşən məşhur “Biltmore” otelinin yeni sahibi erməni iş adamı Karen Safaryanın rəhbərlik etdiyi “Arins Group” ola bilər.
Yeniavaz.com xəbər verir ki, Karen Safaryan 1963-cü ildə Bakı şəhərində anadan olub.
O, 1985-ci ildə Bakıda Politexnik İnstitutunu bitirib. 1989-cu ildə Ermənistana köçüb. Safaryan hazırda Ermənistanın iri maliyyə qruplarından biri olan “Arins Group”un əsas simalarındandır və “Ardshinbank”ın Müşahidə Şurasının sədridir.
Qeyd edək ki, “Biltmore” oteli daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin kral ailəsinin üzvü Şeyx Nəhyan Mübarak Əl Nəhyana məxsus olub. Biznes reyestrindəki məlumatlara görə, o, otelin sahibi olan şirkətin 66%-nə sahibdir. Şeyx Məhəmməd bin Butti bin Həməd Əl Həməd şirkətdə 20%, Şeyx Suroor bin Məhəmməd bin Xəlifə Əl Nəhyan isə 13,5% paya malikdir.
Rustaveli prospektində yerləşən kompleks 9 121 kvadratmetr torpaq sahəsini, tarixi İmeli binasını və 2016-cı ildə inşa edilmiş 36 mərtəbəli, 138 metr hündürlüyündə qülləni əhatə edir.
Oteldə 216 otaq, tədbir və görüş məkanları, spa və sağlamlıq kompleksi, restoranlar və kazino fəaliyyət göstərir.
“Biltmore” otelinin mümkün satışından başqa, “Arins Group” Gürcüstanın “Terrabank”ını da Şeyx Nəhyan Mübarak Əl Nəhyanın investisiya holdinqindən almaq barədə razılığa gəlib.
Sövdələşmənin tamamlanması üçün Gürcüstan Milli Bankının təsdiqi tələb olunur. “Arins Group” açıqlamasında “Terrabank”ın alınmasının qrupun beynəlxalq genişlənmə strategiyasının mühüm hissəsi olduğunu bildirib.
