“Qarabağ”ın futbolçusu Kadi Borqes yeni rekorda imza ataraq Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına sahib çıxıb.
Braziliyalı yarımmüdafiəçi buna turnirdəki 6-cı qolunu vurmaqla nail olub. O, pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib. Bununla da Kadi UEFA Konfrans Liqasında “Qarabağ” forması ilə keçirdiyi 17 matçda 6-cı qolunu vurub.
Futbolçunun əvvəlki 5 qolu 2021/2022-ci illər mövsümünə təsadüf edib. Həmin vaxt Kadi III təsnifat mərhələsində Kipr AEL-inə (1:0) və pley-offda Şotlandiya “Aberdin”inə (3:1) bir, qrupda Kipr “Omoniya”sına (4:1) iki, pley-offda isə Fransa “Marsel”inə (1:3) bir qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA Konfrans Liqasındakı ən yaxşı bombardiri adına üç şərik var idi. Kadidən başqa Coy-Lens Mikels (“Sabah”) və Rafael Utziq (“Qəbələ”, “Zirə”) hərəyə 5 qolla liderliyi bölüşürdülər.
Qeyd edək ki, Kadi Borqes “Qarabağ”ın heyətində avrokuboklardakı ümumi qol sayını 11-ə çatdırıb.
