Faktum.az xəbər verir ki, Bakı şəhəri 117 saylı uşaq bağçasında 15 ildən artıq tibb bacısı kimi çalışmış Bahar Cəlilovanın bağçada qanun pozuntuları, vəzifə vərəsəliyi və təhlükəsizlik qaydalarının pozulması ilə bağlı səsləndirdiyi iddialar sosial şəbəkələrdə ciddi rezonans doğurub.
Məsələnin diqqətçəkən tərəfi isə yalnız videomüraciətin ictimai müzakirəyə çıxarılması deyil.Redaksiyamıza verilən məlumata görə, Bahar Cəlilova videomüraciətindən əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Onun sözlərinə görə, həmin müraciətlə bağlı araşdırma hələ başa çatmayıb. Deməli, ortada araşdırılması davam edən iddialar var və onların həqiqət olub-olmamasına hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidir.
Qeyd: Xatırladaq ki, Bahar Cəlilova artıq Əmək məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxarılıb. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyi hallarda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutur.
Maraqlıdır: əgər Bahar Cəlilovada sözügüdən maddədə nəzərdə tutulan hallar var idisə, eyni müəssisədə 17 il necə fəaliyyət göstərib?
Həmçinin maraqlıdır: araşdırma davam etdiyi halda, şikayətçinin işdən azad edilməsi nə ilə izah olunur?
Azərbaycan qanunvericiliyində korrupsiya və digər hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı mühüm təminatlar nəzərdə tutulur. Dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinin əsas prinsiplərindən biri də qanun pozuntusu barədə məlumat verən şəxsin təzyiq və qisas tədbirlərindən qorunmasıdır. Əgər Bahar Cəlilovanın işdən azad edilməsi onun aidiyyəti dövlət qurumlarına etdiyi müraciətlə, səsləndirdiyi iddialar araşdırılıb qurtarmayıbsa bu sadəcə əmək münasibəti məsələsi deyil. Bu halda söhbət daha ciddi hüquqi və idarəetmə sualından gedə bilər: dövlət orqanlarına və hüquq-mühafizə qurumlarına müraciət edən şəxs bunun əvəzində cəzalandırılmalıdırmı?
Rəhbər vəzifədə olmaq yalnız əmr vermək hüququ deyil, qəbul edilən qərarların qanuna və ədalət prinsipinə uyğunluğuna görə məsuliyyət daşımaq deməkdir.“Burda mənəm, Bağdadda kor xəlifə” yanaşması dövlət idarəçiliyində qəbuledilməzdir.
Heç bir rəhbər qanundan üstün deyil. Heç bir vəzifə sahibinin dövlətin korrupsiyaya qarşı mübarizə siyasətinə və qanunvericiliyin müəyyən etdiyi təminatlara məhəl qoymamaq imtiyazı yoxdur.Araşdırmanın hələ tamamlanmadığı bir vaxtda şikayətçinin işdən uzaqlaşdırılması təsadüfdür, yoxsa susdurulma effekti yaradan inzibati qərar?
Burada söhbət qanunu bilməməkdən gedir, yoxsa qanuna meydan oxumaqdan?
Cavabı ən yaxşı halda hüquqi araşdırma verəcək. Cəmiyyət isə həmin cavabı gözləyir.
