Abşeron rayonunda torpaq sahələrindən istifadə və tikinti işlərinin aparılması ilə bağlı müəyyən edilmiş qaydaların nə dərəcədə qorunduğu ciddi suallar doğurur. İllərdir mərhələli şəkildə davam edən sistemsiz tikinti prosesinin son dövrlərdə daha da genişləndiyi, bəzi ərazilərdə isə insanların təhlükəsizliyi baxımından riskli vəziyyət yarandığı bildirilir.
Bizizmesr.media bildirir ki, Abşeron rayonu paytaxt ətrafında tikinti bumu ən sürətlə genişlənən ərazilərdən biridir. Lakin sürətli tikinti prosesinin şəhərsalma tələbləri, təhlükəsizlik normaları və əhalinin maraqları ilə nə dərəcədə uzlaşdığı barədə suallar açıq olaraq qalır.
Mütəxəssislər müxtəlif vaxtlarda plansız və sistemsiz tikintilərin yaratdığı risklərə diqqət çəkirlər. Xüsusilə yaşayış binalarının mühəndis-kommunikasiya xətlərinə, yüksək gərginlikli elektrik qurğularına və digər təhlükəli obyektlərə yaxın ərazilərdə inşa edilməsi ciddi narahatlıq doğuran faktlar kimi qeyd olunur.
Bəs Abşeron Rayon İcra Hakimiyyəti bu prosesə necə nəzarət edir?
Biziməsr.media-nın redaksiyasına daxil olan məlumata görə, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikinti işləri ilə bağlı ciddi suallar yaranıb. Məlumata əsasən, sözügedən ərazidə yaşayış binasının inşasına başlanılıb. Redaksiyaya təqdim edilən məlumat və görüntülərdə tikinti sahəsinin yüksək gərginlikli transformatorun yerləşdiyi əraziyə yaxın olduğu bildirilir.
Burada ilk növbədə tikinti sahəsinin elektrik təhlükəsizliyi baxımından hansı məsafədə yerləşdiyi və müvafiq təhlükəsizlik normalarına əməl olunub-olunmadığı araşdırılmalıdır. Çünki söhbət sadəcə şəhərin görünüşündən deyil, birbaşa insanların həyat və sağlamlığı üçün potensial risk yarada biləcək elektrik infrastrukturundan gedir.
Digər mühüm məsələ isə tikintiyə hansı hüquqi əsasla başlanılmasıdır.
Tikinti üçün müvafiq icazə və ya şəhərsalma sənədləri mövcuddurmu? Layihə ekspertizadan keçibmi? Ərazi üzrə tikintinin aparılmasına razılıq verilibmi? Tikinti layihəsi reyestrdə qeydiyyatdadırmı?
Bu sualların hər birinə aidiyyəti dövlət qurumları tərəfindən aydınlıq gətirilməlidir.
“Rafiq” kimdir?
Məlumata görə, Abşeron rayonunda müxtəlif tikinti məsələlərinin həllində “Rafiq” adlı şəxsin xüsusi rolu var. Bildirilir ki, onun hər hansı rəsmi dövlət vəzifəsi olmamasına baxmayaraq, qanunsuz və ya problemli tikinti aparmaq istəyən şəxslər onunla razılaşdırma aparmağa və ondan “kömək” istəməyə məcbur qalırlar.
Əgər Rafiq adlı şəxsin tikinti proseslərinə müdaxilə etmək üçün hər hansı rəsmi səlahiyyəti yoxdursa, o zaman sual yaranır – onun adı niyə tikinti məsələləri ilə bağlı hallanır? Əgər səlahiyyəti varsa, bu səlahiyyət hansı dövlət qurumu tərəfindən verilib?
İcra hakimiyyəti niyə susur?
Abşeron rayonunda tikinti ilə bağlı müxtəlif məsələlər zaman-zaman ictimai müzakirələrə çıxarılıb. Belə vəziyyətdə rayon rəhbərliyinin əsas vəzifələrindən biri ərazidə qanunvericiliyin və şəhərsalma tələblərinin icrasına nəzarətin təmin olunmasıdır.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi dövründə rayon ərazisində tikinti prosesinin sürətlə genişlənməsi fonunda nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar da artır. Əgər konkret tikinti obyektində təhlükəsizlik normalarının pozulması barədə məlumat daxil olursa, aidiyyəti qurumların həmin əraziyə baxış keçirməsi və ictimaiyyətə nəticə barədə məlumat verməsi vacibdir.
Xüsusilə söhbət yaşayış binasının yüksək gərginlikli elektrik avadanlığına yaxın ərazidə inşa edilməsindən gedirsə, məsələyə “adi tikinti” kimi yanaşmaq mümkün deyil. Burada əsas məsələ sahibkarın kommersiya marağı yox, gələcəkdə həmin binada yaşayacaq insanların təhlükəsizliyidir.
Sual çox sadədir
Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikintinin hüquqi əsası varmı?
Ərazi üzrə tikintiyə icazə verilibmi?
Layihə və tikinti sənədləri mövcuddurmu?
Tikinti layihəsi müvafiq ekspertizadan keçibmi?
Yüksək gərginlikli transformatorun yerləşdiyi ərazi ilə tikinti obyekti arasında tələb olunan təhlükəsizlik məsafəsinə əməl olunurmu?
Və nəhayət, bu tikintiyə hansı dövlət qurumu tərəfindən nəzarət edilir?
Biziməsr.media olaraq hesab edirik ki, bu suallar cavabsız qalmamalıdır.
Əgər tikinti qanunidir və bütün tələblərə cavab verirsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır. Əgər pozuntu varsa, o zaman məsul şəxslərin kim olduğu və qanunsuz tikintinin hansı səbəbdən dayandırılmadığı araşdırılmalıdır.
Bizimesr.media
VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/xirdalanda-tehlukeli-tikinti—transformatorun-duz-yaninda-yasayis-binasi-ucaldilir—video-22983
