Lisenziyası ləğv edilmiş “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi məlum olub.

Prosesdə tərəflər yeni tərkibə etiraz etməyiblər. Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə İslam Yusifovu vəkil Cəlal Cəlallı, İlham Abbasovu isə vəkillər Könül Əliyeva və Arzu Cavadov müdafiə edir.

Anket məlumatlarından bəlli olub ki, İlham Abbasovun 5 övladı var.

Daha sonra prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, İslam Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib, Xəzər Rayon Məhkəməsinin 2016-cı il tarixli qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Məhkumluğunu ödəməməsinə baxmayaraq o, yenidən dələduzluq edib. İlk cinayəti oğlu həbsxanada olan Afət Hüseynovaya qarşı törədib. Ananın 13 il azadlıqdan məhrum olunmuş oğlu Kamran Nəcəfovun həbsdən azad ediləcəyi adı ilə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə, ümumilikdə 70 min dollarını ələ keçirib.

Bundan başqa, Elm və Təhsil Nazirliyinin orta məktəb tikintisinə elan etdiyi tenderdə qalib gələcəyi vədi ilə tanışı Gündüz Soltanovun 308 min dollarını alıb.

İstintaq sənədlərinə görə, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rafael Həsənovun oğlu Həsən Həsənovu Prezident Adminstrasiyasında hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, ondan 360 min manat alıblar.

İttihama görə, İslam Yusifov Kamran Əsgərova onun iki avtomobil və torpaq sahəsini satacağı barədə yalan vəd verib, 275 min manatını ələ keçirib.

Daha sonra digər zərərçəkmiş Hüseyn Qurbanova Dubay şəhərindən “Ayfon” mobil telefonlar gətirəcəyini söyləyib və ondan aldığı 20 min manatı şəxsi ehtiyaclarına xərcləyib.

Bunlardan əlavə, o, Rəşad Qasımova məxsus qeyri-yaşayış sahəsini satacağı ilə bağlı ona yalan vəd verib, 55 min manatını, Rafət Məmmədova məxsus evi satacağı adıyla aldadaraq 75 min manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən İslam Yusifova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək), İlham Abbasova isə Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddələri ilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli sayıb.

Daha sonra, prosesdə zərərçəkmiş şəxs Gündüz Soltanzadə ifadə verib. Bildirib ki, İslam Yusifovla 2019-cu ildə tanış olub: “Mənim su şirkətim var idi, 2022-ci ildə bağladım. Yusifovun şirkəti bizimlə əməkdaşlıq edirdi, onun özünü görmürdüm, şirkətinin əməkdaşları gəlirdi. Bu əməkdaşlıqla bağlı borcu xeyli gecikirdi. Bir müddət borc yığıldı, sonra İslam obyektini satıb borcu bağladı.

Biz 2021-ci ildə yenidən görüşdük, işlərlə bağlı danışdıq. İslam Yusifova təklif etdim ki, gəl, birlikdə iş görək. Bir neçə iş oldu, icra elədik. İslam Yusifovun borcları vardı, borclarında ona kömək elədim. Sonra bir yerə gedib 200 min manat pul götürüb mənə borcunu bağladı. Təhsil Nazirliyi ilə bağlı tenderə qoşulduq. Bununla bağlı 308 min dollar məbləğ ödədim, öz öhdəliyimi 4-5 ay içində yerinə yetirdim. May ayından sonra o, ödəmə etmədi deyə, iş ləğv olundu”.

İslam Yusifov bildirib ki, Gündüz Soltanzadənin danışdıqları yalandır: “O mənə 200 min dollar pulu faizə vermişdi”.

Növbəti məhkəmə prosesi avqustun 19-na təyin olunub.

Qeyd edək ki, hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İslam Yusifovun barəsində həbs qətimkan, İlham Abbasovun barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, İslam Yusifov ümumilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.

İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.

İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.

Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.

Bu günə kimi o, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etmir.

Soztv.az