“Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” – Əkrəm Həsənov
Regionlarda kredit faizlərinin Bakıya nisbətən xeyli yüksək olması həmin ərazilərdə biznes risklərinin və girov təminatının zəifliyi ilə bağlıdır, yoxsa Azərbaycanın maliyyə sistemində kapitalın əsasən paytaxtda cəmləşməsi regional iqtisadi inkişafı məhdudlaşdıran struktur problemin göstəricisidir?
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakıda kreditlərin daha çox verilməsinin əsas səbəbi əhalinin sayının və iqtisadi aktivliyin yüksək olmasıdır. Paytaxtda həm əmək bazarı daha genişdir, həm də biznes dövriyyəsi regionlarla müqayisədə daha yüksəkdir. Bu da banklar üçün daha çox potensial müştəri və daha sabit gəlir mənbəyi deməkdir.
İqtisadçının fikrincə, faiz dərəcələrinin Bakıda daha aşağı olmasının əsas səbəbi isə kredit riskinin nisbətən aşağı olmasıdır.
“Kredit riski dedikdə kreditin vaxtında qaytarılmaması və ya problemli kreditə çevrilməsi ehtimalı nəzərdə tutulur. Risk nə qədər yüksəkdirsə, bankın mümkün zərəri və əlavə xərcləri də bir o qədər artır. Banklar bu xərcləri kompensasiya etmək üçün faiz dərəcələrini yüksəldirlər” –deyə iqtisadçı bildirib.
Əkrəm Həsənov hesab edir ki, regionlarda isə vəziyyət fərqlidir. Bir çox hallarda əhalinin gəlirləri daha aşağı olur, biznes fəaliyyəti zəif inkişaf edir və nəticədə kreditlərin geri qaytarılmama ehtimalı artır. Bu səbəbdən regionlarda kredit riski daha yüksək qiymətləndirilir və faizlər də buna uyğun olaraq artırılır.
Onun sözlərinə görə, başqa mühüm amil girov məsələsidir. Regionlarda girov qoyulan əmlakı satmaq Bakıya nisbətən daha çətindir. Tələbat aşağı olduğundan hətta rəsmiləşdirilmiş girovun realizə edilməsi uzun çəkə bilər.
Bundan əlavə, kiçik yaşayış məntəqələrində insanların bir-birini yaxşı tanıması da əmlakın satışını çətinləşdirən sosial amillərdən biridir.
Əkrəm Həsənovun fikrincə, bankların əməliyyat xərcləri də burada rol oynayır. Regionlarda bir çox bank və bank olmayan kredit təşkilatlarının daimi hüquqşünası olmur. Problem yarandıqda məhkəmə və hüquqi prosedurlar üçün əməkdaşlar Bakıdan regionlara göndərilir. Bu isə əlavə vaxt və maliyyə xərci yaradır.
Soztv.az
