Mərakeşdən İspaniyanın muxtar şəhərləri Seuta və Melilyaya keçməyə cəhd göstərən yüzlərlə insan Mərakeş-İspaniya sərhədində hüquq-mühafizə qüvvələri ilə toqquşmalara səbəb olub.
Agentliyin məlumatına görə, bir qrup şəxs Mərakeşin Fnidek şəhərindən Seuta ilə sərhəddəki divarı aşmağa cəhd edib və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına daş atıb. Bundan əlavə, “Beni-Ənsar” sərhəd-keçid məntəqəsi yaxınlığında da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yüzlərlə insan arasında şiddətli toqquşmalar baş verib. Həmin şəxslər arasında çoxlu sayda azyaşlı da olub. Onlar həm sərhəd divarı, həm də liman vasitəsilə İspaniyanın Melilya şəhərinə keçməyə çalışıblar.
“El Confidencial” İspaniya Mülki Qvardiyasına istinadla yazıb ki, iyulun 30-da 40 minədək insan Mərakeşdən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz daxil olub. Son məlumata görə, Seutaya çatmağa cəhd edərkən azı 19 nəfər həyatını itirib.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək məqsədilə hərbçilərin cəlb olunmasına qərar verib. İyulun 31-də İspaniya Baş naziri Pedro Sançesin daxili işlər naziri Fernando Qrande-Marlaska ilə birlikdə Seutaya səfər edəcəyi gözlənilir.
