Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar “Laylay” adlı yeni musiqi layihəsini təqdim ediblər.
Teleqraf xəbər verir ki, mahnının sözləri Xalq şairi Süleyman Rüstəmə, musiqisi isə bəstəkar Şəfiqə Axundovaya məxsusdur.
Layihənin əsas məqsədi Azərbaycan layla mədəniyyətini müasir ekran dili ilə təqdim etmək, milli-mədəni irsimizi yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır.
Ekran işinin çəkilişləri Şəki şəhərində aparılıb. Klipdə şəhərin tarixi küçələri, memarlıq abidələri, xalçaçılıq və kəlağayı sənəti, eləcə də Şəkinin füsunkar təbiəti əks olunub.
Layihənin quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Çimnaz Şixverdiyeva, quruluşçu operatoru Azər Sultanov, prodüseri Ramin Mustafayev, baş prodüseri isə Məhsim Məhsimovdur. Klipdə istifadə olunan milli geyimlər Gülnarə Xəlilova tərəfindən hazırlanıb.
“ARB Günəş” layihəsi çərçivəsində ərsəyə gətirilən ekran işinin gələcəkdə milli-mədəni dəyərlərimizin təbliği məqsədilə xarici ölkələrdə də nümayiş etdirilməsi nəzərdə tutulur.






