Bu günlərdə Kliniki Tibbi Mərkəzdə (KTM) PVC-plastik borulardan tibbi xərək hazırlandığını əks etdirən videogörüntülərin yayılması müəssisə ətrafında müzakirələrə səbəb olmuşdu.
Bizimesr.com bildirir ki, həmin hadisədən sonra Mərkəzin fəaliyyəti ilə bağlı daha bir diqqətçəkən məqam ortaya çıxıb.
.png)
Məlum olduğu kimi, hər bir dövlət qurumunun rəsmi internet saytının mütəmadi yenilənməsi, vətəndaşların müraciətlərinin asanlaşdırılması, eləcə də rəhbərlik və fəaliyyət barədə aktual məlumatların ictimaiyyətə təqdim edilməsi vacib məsələlərdən biridir. Kliniki Tibbi Mərkəzin (KTM) də rəsmi internet səhifəsi (https://ktmhospital.az/) fəaliyyət göstərir. Lakin saytın yenilənməsi və idarə olunmasına lazımi diqqətin göstərilmədiyi müşahidə olunur.
.png)
Belə ki, saytın “Rəhbərlik” bölməsində hələ də direktor vəzifəsində Könül Ələkbərov göstərilir. Halbuki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramovun əmri ilə 1 may 2026-cı il tarixində Musa Abbasov Kliniki Tibbi Mərkəzin direktoru təyin edilib.
Təyinatdan təxminən üç aya yaxın vaxt keçməsinə baxmayaraq, bu dəyişiklik hələ də Mərkəzin rəsmi internet səhifəsində əksini tapmayıb. Bu isə rəsmi məlumatların operativ şəkildə yenilənmədiyini göstərir və saytın idarə olunması ilə bağlı ciddi suallar yaradır. Üstəlik hansısa məlumatların dəqiqləşdirilməsini çətinləşdirir.
.png)
Diqqət çəkən digər məqam isə rəsmi saytın “Xəbərlər” bölməsinin sonuncu dəfə aprel ayında yenilənməsidir. Halbuki, həmin tarixdən sonra müəssisədə rəhbər dəyişikliyi baş verib və ictimai maraq doğuran bir sıra hadisələr yaşanıb. Buna baxmayaraq, rəsmi resursda bu barədə hər hansı məlumat yerləşdirilməyib. Yəni, rəsmi sayt demək olar ki, işlək və etibarlı mənbə funksiyasını itirib.
Qeyd edək ki, dövlət tibb müəssisələrinin rəsmi internet səhifələri vətəndaşların məlumat əldə etməsi baxımından mühüm informasiya mənbəyi hesab olunur. Bu səbəbdən də həmin resurslarda yerləşdirilən məlumatların aktual saxlanılması xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməddir.
Bizimesr.com
