Bir dövr vardı ki, Azərbaycanda hansı iri biznesin, hansı strateji müəssisənin, hansı maliyyə institutunun arxasına baxanda Ramiz Mehdiyevin adı eşidilirdi. Bu gün isə tamam başqa mənzərə yaranıb. Ramiz Mehdiyev bu gün ev dustağıdır, barəsində dövlətə xəyanət ittihamı ilə istintaq aparılır.
Vaxtilə Mehdiyevlərin əsas maliyyə dayaqlarından hesab edilən “Bank BTB” isə artıq bank deyil. Mərkəzi Bankın qərarı və həyata keçirilən yenidən təşkil prosesi nəticəsində Bankın aktivləri və öhdəlikləri ABB-yə ötürülüb. Faktiki olaraq “Bank BTB” bank sektorundan silinsə də, Mehdiyevlər bu sektorda qalmaq üçün çabalarını əsirgəmirlər. Onlar bankı “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına çevirməklə fəaliyyətlərini davam etdirirlər. Bu, adi bir korporativ dəyişiklik deyil. Mehdiyevlərin maliyyə tarixində yeni mərhələnin başlanğıcıdır.
“Bank BTB” yarandığı ilk illərdən etibarən sıravi maliyyə institutu kimi qəbul edilməyib. İllər boyu mediada və biznes dairələrində bankın əsas benefisiarlarının Ramiz Mehdiyevin ailə üzvləri olduğu barədə məlumatlar yayılıb. Bankın səhmlərinin böyük hissəsinin Mehdiyevlər ailəsinə yaxın şəxslərin nəzarətində olması da bu fikirləri gücləndirib.

Azərbaycanın siyasi sistemində “boz kardinal” adlandırılan Ramiz Mehdiyevin dövlət aparatında faktiki ikinci şəxs sayıldığı dövrdə bu ailənin bank sektorunda möhkəmlənməsi təsadüfi görünmürdü. O illərdə Azərbaycanda bank sektoru təkcə maliyyə sahəsi deyildi. Bank sahibi olmaq həm də siyasi nüfuzun göstəricisi idi. Bir çox məmur qrupları iqtisadi təsir imkanlarını məhz banklar vasitəsilə genişləndirirdilər. “Bank BTB” də həmin dövrün məhsulu idi.
2020-ci ildən sonra Azərbaycanda siyasi və iqtisadi elitanın “xəritəsi” dəyişməyə başladı. Bir zamanlar toxunulmaz görünən fiqurların təsir imkanları azaldı. Ramiz Mehdiyev əvvəlcə hakimiyyətin zirvəsindən uzaqlaşdırıldı, daha sonra müxtəlif qalmaqalların mərkəzində görünməyə başladı. Xüsusilə karantin qaydalarının pozulması ilə bağlı məşhur toy qalmaqalı Ramiz Mehdiyevin siyasi karyerasında dönüş nöqtəsinə çevrildi. Sonrakı illərdə onun adı müxtəlif araşdırmalarda, istintaq materiallarında və siyasi müzakirələrdə daha çox hallanmağa başladı. Məhz belə bir dövrdə ailənin ən mühüm maliyyə aktivlərindən biri olan “Bank BTB”nin bazardan çıxması diqqət çəkir. Mehdiyevlər siyasi nüfuzun zəifləməsinin iqtisadi nəticəsini yaşayırlar.
Mehdiyevlərin bankının bağlanmasına gəlincə, rəsmi versiyaya görə, bank könüllü şəkildə yenidən təşkil olunub. Mərkəzi Bankın 5 mart 2026-cı il tarixli qərarı ilə “Bank BTB”nin BOKT-a çevrilməsinə razılıq verilib. Sonradan bankın bütün aktivləri və öhdəlikləri ABB-yə ötürülüb. Müştərilər, kredit portfeli və depozitlər də ABB-nin idarəçiliyinə keçib. İlk baxışdan texniki addım kimi görünən bu məsələdə çox vacib detal var. Əgər məqsəd biznesdən tam çıxmaq olsaydı, qurum sadəcə ləğv edilərdi. Lakin Mehdiyevlər ailəsi bankı bağlayıb getmədi. Onlar bankı BOKT-a çevirdilər. Bu isə o deməkdir ki, ailə maliyyə bazarından çıxmaq yox, sadəcə, daha aşağı mərtəbəyə enmək qərarı verib.
BOKT bank deyil. Depozit qəbul edə bilməz. Ödəniş sistemlərinin iştirakçısı ola bilməz. Bank kartları buraxa bilməz. Lakin kredit verə, pul qazana, maliyyə bazarında fəaliyyət göstərə bilir. Başqa sözlə, Mehdiyevlər ailəsi bank sektorundakı mövqeyini itirsə də, maliyyə biznesindən əl çəkmək istəmir. Məhz bu məqam hadisənin əsas mahiyyətini təşkil edir.
“Bank BTB”nin “T-Kredit”ə çevrilməsi faktiki olaraq bir mesajdır. Mehdiyevlər oyundan çıxmadıqlarını bu şəkildə nümayiş etdirirlər. Ramiz Mehdiyevin adı uzun illər ərzində müxtəlif biznes strukturları ilə əlaqələndirilib. Mediada dəfələrlə onun ailəsinin bankçılıq, tikinti, daşınmaz əmlak, xidmət və ticarət sektorlarında maraqlarının olması barədə məlumatlar yayılıb. Sovet dövründən gələn nomenklatura təcrübəsi ilə müasir oliqarx modelini birləşdirən nadir fiqurlardan biri məhz Ramiz Mehdiyev olub. Hakimiyyət dövründə qurulan iqtisadi resurslar illərlə ailənin sərəncamında qalıb.
Lakin son illərdə həmin sərvətin müxtəlif hissələrinin zəiflədiyi və ya nəzarətdən çıxdığı barədə məlumatlar artmaqdadır. “Bank BTB”nin tarixə qovuşması da həmin prosesin ən görünən hissəsidir. Artıq Mehdiyevlər ailəsinin maliyyə imperiyası əvvəlki gücündə deyil. Ancaq görünən odur ki, Ramiz Mehdiyev və yaxın çevrəsi bank sektorundakı mövqelərinin itirilməsi ilə hələ də barışmayıblar. “Bank BTB”nin “T-Kredit” BOKT-a çevrilməsi də məhz bunun göstəricisidir. Bir vaxtlar bank sahibi olan ailə artıq BOKT-la kifayətlənməyə məcburdur. Amma maliyyə bazarından tam çəkilmək niyyətində də görünmür. Bu isə Mehdiyevlərin hələ də özlərini böyük oyunun iştirakçısı hesab etdiklərini göstərən ən mühüm detal, müqavimət göstəricisi hesab olunur…
Soztv.az
