Gəncə şəhərində yaşıllıqların qorunması ilə bağlı növbəti ciddi iddia gündəmə gəlib. Redaksiyaya təqdim olunan foto və məlumatlarda şəhərin Fikrət Əmirov adına parkının müxtəlif hissələrində iri gövdəli ağacların kəsildiyi bildirilir. İddialara görə, ümumilikdə 12 ağac məhv edilib və ən ciddi narahatlıq doğuran məqam kəsilən ağacların bir hissəsinin yaşıl və sağlam görünməsidir.
Təqdim olunan görüntülərdə parkın əsas giriş hissəsində, eləcə də ərazinin müxtəlif nöqtələrində kəsilmiş ağac kötükləri görünür. Parkın daxili hissəsində də ağacların mişarla kəsildiyi iddia olunur. Əgər həmin ağaclar doğrudan da sağlam olubsa, ortaya çox ciddi sual çıxır: şəhərin mərkəzində, hamının gözü qarşısında bu ağacların kəsilməsinə kim icazə verib?
Daha bir diqqətçəkən məsələ Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş verənlərə münasibətidir. Redaksiyaya daxil olan məlumatlarda qurumun ərazidəki vəziyyətdən xəbərdar olduğu, lakin prosesə vaxtında müdaxilə edilmədiyi iddia edilir. Bu iddia təsdiqini taparsa, artıq söhbət təkcə ağacların kəsilməsindən deyil, yaşıllıqların mühafizəsinə cavabdeh qurumların öz vəzifələrini nə dərəcədə yerinə yetirməsindən gedir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə yaşıllıqların, ağacların və təbiət obyektlərinin qorunmasına cavabdeh əsas dövlət qurumlarından biridir.
– Belə olan halda Gəncənin tanınmış parklarından birində çoxsaylı ağacların kəsilməsi ilə bağlı iddialar niyə dərhal araşdırılmır?
– Ağacların hansı səbəbdən kəsildiyi müəyyənləşdirilibmi?
– Onların qurumuş, təhlükəli və ya xəstə olması barədə müvafiq rəy varmı?
– Kəsilməyə icazə verən sənəd mövcuddurmu?
– Əgər belə bir sənəd yoxdursa, məsul şəxslər barəsində hansı tədbirlər görüləcək?
Məsələnin başqa tərəfi də var. Son illər ölkənin müxtəlif ərazilərində bir və ya bir neçə ağacın qanunsuz kəsilməsinə görə inzibati protokolların tərtib edilməsi, ziyanın hesablanması və hüquqi tədbirlərin görülməsi barədə dəfələrlə rəsmi məlumatlar yayılıb.
– Bəs Gəncənin mərkəzində yerləşən parkda iddia edilən 12 ağacın taleyi niyə eyni həssaslıqla araşdırılmamalıdır?
Parklar şəhərin sadəcə istirahət məkanı deyil. Onlar ekoloji tarazlığın qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması və insanların sağlam mühitdə yaşaması baxımından mühüm əhəmiyyət daşıyır. İri gövdəli bir ağacın yetişməsi onilliklər tələb etdiyi halda, onu mişarla bir neçə dəqiqəyə məhv etmək mümkündür. Sonradan həmin əraziyə ting əkməklə illərlə formalaşmış ağacın ekoloji dəyərini dərhal əvəz etmək mümkün deyil.
İctimaiyyət indi aidiyyəti qurumlardan konkret və sənədlərlə əsaslandırılmış cavab gözləyir:
– Fikrət Əmirov parkında neçə ağac kəsilib?
– Kəsilən ağacların vəziyyəti necə olub?
– Kəsinti hansı qurumun qərarı və hansı ekspert rəyi əsasında həyata keçirilib? Ərazidə yoxlama aparılıbmı?
– Təbiətə dəymiş ziyan hesablanıbmı?
Ekologiyanın qorunması yalnız hesabatlarda, ağacəkmə aksiyalarında və rəsmi çıxışlarda xatırlanan şüar olmamalıdır. Əgər şəhərin mərkəzində iri ağaclar bir-bir mişarlanır, məsul qurumlar isə buna vaxtında reaksiya vermirsə, onda vətəndaşın “Ekologiya Nazirliyi və onun yerli strukturları haradadır?” sualını verməsi tamamilə təbiidir.
Redaksiya olaraq məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.








