Musavat.com-a daxil olan məlumatda bildirilir ki, David Seliverstov-Kazım Abbasovun 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin yəhudi əsilli deputatı Anatoliy Rafailovla da geniş əlaqələri var. Bəzi hallarda o, deputatla əlaqələrini özünün pərdəarxası işlərinə sipər olaraq istifadə edib.
Məsələ ilə bağlı deputatı Anatoliy Rafailovla əlaqə saxlayıb David Seliverstov – Kazım Abbasovla əlaqələri haqda iddialara münasibətiuni öyrənməyə çalışdıq. Təəssüf ki, deputat israrlı zənglərimizi cavabsız qoydu. Bununla belə iddialara hörmətli deputatın münasibətini öyrənməyə hazırıq.
Qeyd edək ki, Anatoliy Rafailovla David Seliverstov-Kazım Abbasovun ictimai əlaqələri haqda ən müxtəlif media resurslarında da məlumatlar yer alır. Məsələn, 26 dekabr 2023-cü ildə yayılan məlumatda Ümumdünya Dağ Yəhudiləri Konqresinin sədr müavini, Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının sədri və Parlament Lobbisinin direktoru Pavel Yelizarovun Azərbaycana səfəri çərçivəsində Quba rayonunda görüş keçirilməsindən söhbət açılır. Həmin görüşdə 53 saylı Quba-Qusar seçki dairəsindən Milli Məclisin deputatı Anatoliy Rafailov, eləcə də Ümumisrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri və Magen David Group-un direktoru kimi təqdim olunan David Seliverstovun iştirak etdiyi vurğulanır.
Görüş zamanı deputat Anatoliy Rafailov Azərbaycanda yəhudi icmasının təhlükəsizlik, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşadığını, ölkədə antisemitizmə yer olmadığını bildirib. O, həmçinin Azərbaycanın regionda sülh təşəbbüsləri və multikultural dəyərlərini xüsusi vurğulayıb. Pavel Yelizarov isə Azərbaycanda multikulturalizm və tolerantlıq mühitini yüksək qiymətləndirərək, ölkədə yəhudi icmasının təhlükəsiz şəraitdə yaşamasının sevindirici olduğunu qeyd edib.
Lakin görüşün diqqət çəkən tərəfi məhz David Seliverstovun bu tədbirdə rəsmi tərəf kimi iştirak etməsidir. Qubadakı görüş David Seliverstovun Azərbaycanın tanınmış ictimai-siyasi simaları ilə təmaslarının davam etdiyini göstərən növbəti fakt kimi diqqət çəkir.
Qubada deputat Anatoliy Rafailovla keçirilən görüş həmin əlaqələr zəncirinə yeni həlqə kimi qiymətləndirilə bilər. Əlbəttə, hər hansı şəxsin deputat və ya dövlət rəsmisi ilə görüş keçirməsi özlüyündə qanun pozuntusu və ya hüquqi məsuliyyət yaratmır. Lakin son dövrlər haqqında müxtəlif iddialar səsləndirilən bir şəxsin rəsmi tədbirlərdə görünməsi, beynəlxalq təşkilatların nümayəndələri ilə eyni platformada iştirak etməsi və nüfuzlu şəxslərlə əlaqələr qurması ictimai maraq doğuran məsələ kimi qiymətləndirilir.
Bu baxımdan David Seliverstov-Kazım Abbasovun deputat Anatoliy Rafailovla əlaqələri diqqət çəkir. Anatoliy Rafailovla bu görüş hansı layihələrin və ya əməkdaşlıq planlarının tərkib hissəsi olub?
Suallar açıqdır, araşdırmalarımız davam edir.
Soztv.az
