ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Vaşinqtonun Ankaraya beşinci nəsil F-35 qırıcılarının satışına icazə verməyə hazır olduğu barədə məlumat verə bilər.
Nəşrin məlumatına görə, Trampın bu qərarı hansı mexanizmlə həyata keçirəcəyi və Konqresin Türkiyəyə F-35 satışına qoyduğu məhdudiyyəti necə aradan qaldıracağı hələlik məlum deyil.
ABŞ administrasiyasındakı mənbələr hesab edirlər ki, Türkiyənin F-35 proqramına qayıdışı ilə bağlı proses liderlər arasında rəsmi məktub mübadiləsi yolu ilə başlaya bilər.
Qəzet qeyd edir ki, Tramp iyulun 7-də NATO sammitində iştirak etmək üçün Türkiyəyə səfər edəcək. Bununla yanaşı, ABŞ rəsmiləri Ağ Ev rəhbərinin son anda mövqeyini dəyişə biləcəyini də istisna etmirlər.
Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasını əsas gətirərək Ankaranı F-35 proqramından çıxarmışdı. Vaşinqton həmin vaxt Türkiyənin həm S-400, həm də F-35 sistemlərindən istifadə etməsinin qırıcıların texniki xüsusiyyətləri barədə məlumatların əldə olunmasına səbəb ola biləcəyini bildirmişdi.
İyunun sonunda Euractiv portalı ABŞ-ın Türkiyə S-400 sistemlərindən imtina edəcəyi təqdirdə F-35 satışını yenidən nəzərdən keçirə biləcəyini yazmışdı. Məlumata görə, variantlardan biri həmin sistemlərin Rusiyaya qaytarılmadan üçüncü ölkəyə satılmasıdır.
Qeyd olunur ki, İsrail və Yunanıstan da Türkiyəyə F-35 təyyarələrinin verilməsinə qarşı çıxırlar. Hər iki ölkə hesab edir ki, bu addım regiondakı hərbi qüvvələr balansını dəyişə bilər.
