Son dövrlərdə Azərbaycanda xaricdə təhsil və dil kursları adı altında fəaliyyət göstərən bəzi şirkətlərlə bağlı narazılıqlar artmaqdadır. Redaksiyamıza daxil olan şikayətlər, müqavilə sənədləri və ictimai məlumatlar “AID Language Center MMC” və bu proseslə əlaqələndirilən şəxslər ətrafında ciddi iddiaların formalaşdığını göstərir.
Vətəndaşların bildirdiyinə görə, sosial şəbəkələrdə və reklam materiallarında xaricdə təhsil, universitetlərə qəbul və tam xidmət paketi vəd edilsə də, real müqavilə şərtlərində bu vədlər əks olunmur. Müqavilələrdə xidmətin əsasən “müraciət, konsultasiya və sənədləşmə” ilə məhdudlaşdırıldığı, eyni zamanda qəbulun təmin edilmədiyi və nəticəyə zəmanət verilmədiyi açıq şəkildə qeyd olunur.
Şikayətçilər bildirirlər ki, məhz reklam və müqavilə arasındakı bu ziddiyyət bir çox vətəndaşın yanlış yönləndirilməsinə və maliyyə itkisinə səbəb olub. Onların sözlərinə görə, xidmət üçün minlərlə manat ödəniş edilsə də, nəticə əldə olunmayıb və ödənişlərin geri qaytarılması təmin edilməyib.
Hazırda əldə edilən məlumata əsasən, Yasamal rayon Prokurorluğunun nəzarəti ilə ümumilikdə 54 nəfərin şikayətinin araşdırıldığı bildirilir. Zərərçəkmişlər iddia edirlər ki, müxtəlif məbləğlərdə ödənişlər etmələrinə baxmayaraq, nə vəd edilən xidmət tam icra olunub, nə də ödənilən vəsaitlər geri qaytarılıb.
Şikayətçilərin iddialarında daha bir diqqətçəkən məqam isə vəsaitlərin istifadəsi ilə bağlıdır. Onların sözlərinə görə, toplanan pullar hesabına bahalı avtomobillər və lüks həyat tərzi formalaşdırılıb. İddialarda qeyd olunur ki, istifadə olunan avtomobillər arasında dəyəri təxminən 240 min manata qədər olduğu iddia edilən nəqliyyat vasitələri də mövcuddur.
Eyni zamanda, vətəndaşlar bildirirlər ki, şikayətlərə cavab verilmir və ya məsuliyyətdən yayınan izahatlarla kifayətlənilir. Bu isə narazılığın daha da artmasına səbəb olur.
Şikayətçilərin bir hissəsi həmçinin əldə olunan gəlirlərin mənbəyi, şəxsi mülkiyyət və daşınmaz əmlakların formalaşması ilə bağlı sualların cavabsız qaldığını iddia edir. Onların fikrincə, reklamda təqdim olunan xidmətlə real nəticə arasındakı uyğunsuzluq ciddi şübhələr yaradır.
Bununla yanaşı, əldə olunan məlumatlarda şirkətin vergi öhdəliklərindən yayınma ehtimalları ilə bağlı iddialar da yer alır. Mütəxəssislərin fikrincə, bu tip iddialar ciddi araşdırma tələb edir və məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin araşdırma aparması zəruri hesab olunur.
Hazırda ictimai müzakirələr əsasən bir sual ətrafında cəmlənir: reklam materiallarında təqdim edilən xidmətlər real xidmətlərdirmi, yoxsa vətəndaşların maliyyə vəsaitləri hesabına qurulan və nəticəsiz qalan bir modelmi?
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyi dərc olunmağa açıqdır. Redaksiya olaraq bildiririk ki, məsələ üzrə araşdırma davam edir və əlavə rəsmi məlumatlar əldə olunduqca ictimaiyyətə təqdim ediləcək.
Araşdırmamız davam edir. Bizi izləməti unutmayın.
Elnurə Tağıyeva
