Sosial şəbəkələrdə yayılan maraqlı görüntü geniş müzakirələrə səbəb olub.
Kadrlarda restoranda müştərilərə xidmət göstərən ofisiantın qeyri-adi nəqliyyat vasitəsi ilə hərəkət etdiyi görünür. Təkərli ayaqqabılarla servis etməyə çalışan restoran işçisinin tarazlığı itirməsi isə xoşagəlməz hadisə ilə nəticələnib.
Görüntülərdə ofisiantın qəfil müvazinətini itirərək yerə yıxıldığı, əlində daşıdığı yeməklərin isə ətrafa səpələndiyi əks olunub. Bir neçə saniyə ərzində bütün sifarişlərin yararsız hala düşməsi həm restorandakı müştərilərin, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
İddialara görə, hadisədən sonra restoran rəhbərliyi əməkdaşla bağlı sərt qərar verib və o, işindən uzaqlaşdırılıb.
Qısa müddətdə minlərlə baxış toplayan video fərqli reaksiyalar doğurub. Bəziləri hadisəyə gülməli yanaşsa da, digərləri ofisiantın bədbəxt hadisənin qurbanı olduğunu və ona dəstək göstərilməsinin daha doğru olacağını bildiriblər./milli.az/
